Lənkəran teatrında “Ölü canlar” tamaşası hazırlanır

Lənkəran teatrında “Ölü canlar” tamaşası hazırlanır

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında N.V.Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında Mixail Bulqakovun səhnələşdirdiyi eyniadlı tamaşanın məşqləri gedir. Teatrın direktoru İslam Həsənovun SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, Ukraynadan dəvət olunmuş istedadlı rejissor Arkadi Nepitalyukun quruluş verdiyi bu səhnə əsərinin noyabr ayının sonunadək tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub.

Qoqolun məşhur əsərində irəli sürülmüş ideya rejissor tərəfindən tamaşanın səhnə həllində müasir dövrün reallıqlarına uyğun yeni detallarla zənginləşdirilib. Tamaşanın səhnə tərtibatı Yevgeniya Nepitalyuka, musiqi tərtibatı isə bəstəkar Sərdar Fərəcova məxsusdur. Əsas rollarda respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Eynəli Nurullayev, Əlibala Əsgərov, Miraslan Agayev, Əbülfəz Axundov, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova və digərləri çıxış edir.

Teatrın direktoru İslam Həsənovun əlavə edib ki, yaradıcı kollektiv hazırda paralel olaraq daha iki əsərin - Əhməd Orucoğlunun "Açarını itirmişlər" və Tural Mustafayevin quruluşunda italyan dramaturqu Aldo Nikolainin "Dəmir sinif" tamaşasının məşqlərini edir. Hər iki səhnə əsəri bu ilin sonunadək tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, teatrın truppası cari mövsümdə İran, Bolqarıstan, Gürcüstan və Türkiyədə keçiriləcək Beynəlxalq teatr festivallarında yeni tamaşalarla çıxış etməyi nəzərdə tutub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə