Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində sərgi açılıb. SİA-nın verdiyi xəbərə görə, açılış mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki, münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali, Yazıçılar Birliyinin sədri Anar Rzayev, əməkdar memarlar, media nümayəndələri və başqaları iştirak ediblər.
Sərgini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq sözügedən müsabiqənin ilk dəfə paytaxtımızda olduğunu bildirib: "Bu gün Azərbaycanda bir çox möhtəbər tədbirlər həyata keçir. Onlardan biri də Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir. Buraya dünyanın nüfuzlu memarları təşrif buyurub, bizim memarlarla birgə işləyirlər. Müsabiqədə 28 ölkədən 250-yə qədər layihə nümayiş olunub. Onlar arasında 100-dən artıq Azərbaycan işləri də müsabiqəyə təqdim olunub. Bu da təbii ki, memarlıq sahəsinin yüksək səviyyədə inkişaf etdiyinin sübutudur. Onu da deyim ki, münsiflər heyətinin bütün qərarlarına hörmət edirəm".
Nəzərinizə çatdıraq ki, sərgidə Fransa Mədəniyyət Mərkəzi, İtaliya Tarix Muzeyinin, Aşqabad Beynəlxalq Universitetinin və başqalarının mədəniyyət, incəsənət, elm mərkəzlərinin binalarının layihələri nümayiş olunub. Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin seçim turu bu gün saat 14:00-dan başlayaraq 4 saat müddətində münsiflər heyəti öz seçimlərini edəcəklər. Həmçinin müsabiqənin yekun nəticələri noyabrın 2-də elan ediləcək.
Qeyd edək ki, Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi noyabrın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB