MTN ilə YUNESKO üzrə Milli Komissiyanın birgə seminarı keçirilib

MTN ilə YUNESKO üzrə Milli Komissiyanın birgə seminarı keçirilib

Bu gün YUNESCO-nun Dünya İrs Mərkəzinin təşkilatçılığı ilə "Park İnn" mehmanxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və YUNESCO üzrə Milli Komissiyanın birgə təşkilatçılığı ilə treninq-seminar öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, Bakı şəhərində Mərkəzin Dövrü Hesabatları üzrə Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələrinin Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Makedoniya, Rusiya Federasiyası, Gürcüstan, Macarıstan, Monteneqro, Polşa, Moldova, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna əlaqələndirici şəxslərin və Azərbaycan üzrə YUNESKO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin treninq-seminarı keçirilib.

Treninq-seminarda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək YUNESKO ilə əməkdaşlığın Azərbaycana böyük töhvələr verdiyini bildirib: "Azərbaycan müstəqil dövlətdir. Ölkəmiz öz müstəqilliyini qazandıqdan sonra bir çox sahə sürətlə inkişaf etdi. Hazırda Azərbaycan YUNESKO ilə sıx əməkdaşlıq edir. Bu seminarın keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük dəstəyi var. Biz ümid edirik ki, Azərbaycanın bir çox maddi irs nümunələri Ümumdünya İrs Siyahısında öz əksini tapacaq. Bu hesabat dövrü Azərbaycanın tarixi, mədəni irsinin əks olunmasında, onun qorunub saxlanmasında, həmçinin hesabatların toplanaraq komitələrə təqdim olunmasında mühüm rol oynayacaq. Mədəniyyət və Turzim Nazirliyi bu görüşün maraqlı və unudulmaz keçməsində böyük əməyi var. Bu müddət ərzinində Bakının maraqlı və Ümumdünya İrs Siyahısına daxil olan abidələrlə də sizləri tanış edəcəyik".

Nəzərinizə çatdıraq ki, treninq-seminarın keçirilməsində əsas məqsəd ərazisində dünya irsi abidəsi olan Mərkəzi, Cənub və Şərqi Avropa ölkələri üzrə dövrü hesabatın hazırlanması, o cümlədən, Mərkəz tərəfindən təqdim edilmiş sorğunun mərkəzin rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir.

Qeyd edək ki, tədbir çərçivəsində qonaqların YUNESKO-nun Dünya İrs Siyahısına daxil olunmuş abidələrə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq və Qobustan Milli tarix-bədii qoruqlarına səfəri təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə