Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının səhnəyə qoyulmasının 100 ili tamam olur. Sia-nın verdiyi xəbərə görə, Üzeyir bəy üçüncü və sonuncu musiqili komediyasını 1913-cü ildə Sankt-Peterburqda, konservatoriyaya qəbul imtahanı ərəfəsində tamamlayıb. Həmin il oktyabrın 25-də əsər Bakıdakı Tağıyev Teatrında ilk dəfə səhnələşdirilib. Tamaşaya rejissor Hüseyn Ərəblinski quruluş verib. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy) və başqaları çıxış ediblər.
Ötən yüz ildə Üzeyir Hacıbəylinin ölməz əsəri dünyanın bir çox ölkələrinin səhnələrində - Moskva, Nyu-York, Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekin və digər şəhərlərdə tamaşaya qoyulub.
Bu günlərdə əsər qardaş Türkiyədə, Ankara Dövlət Opera və Balet Teatrında səhnələşdirilərək repertuara daxil edilib. Operettaya Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev quruluş verib. Ankara Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edəcək. Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb. Tamaşada Ankara teatrının aparıcı aktyorları rol alıblar.
Qeyd edək ki, "Arşın mal alan"ın Ankara Dövlət Opera və Balet Teatrında premyerası oktyabrın 27-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB