Azərbaycan Milli İncəsənət Muzeyinin binasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə "Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin açılış mərasimi və "Azərbaycan el sənəti" adlı kitabın təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli, Milli İncəsənət Muzeyin direktoruu Çingiz Fərzəliyev, Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı Nizami Cəfərov, Azərbaycanın görkəmli rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahov, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov, səfirlər, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Əbülfəs Qarayev açıb: "Bu gün muzeyimizin yeni imkanlarını sizlərə təqdim edirik. Artıq uzun zamandır arzusunda olduğumuz maraqlı sərgiyə toplaşmışıq. Hamımızın adından hörmətli prezidentimiz cənab İlham Əliyevə yaradılan bu şəraitə görə, dərin minnətdarlığımı bildirirəm. Bu cür möhtəşəm sərgini qoruyub- saxlamağa, onların təhlükəsizliyini təmin etməyə tam şəraitimiz var. Azərbaycan xalqı tərəfindən yaradılan zəngin mədəniyyət nümunələri burada saxlanılır. Burada tarixi əşyalar nümayiş olunacaq. Azərbaycan xalqı məişətində, gündəlik həyyatında öz incəsənəti, daxili duyğularını ifadə etməyə müvəffəq olublar. Bu tədbirin yüksək səviyyədə keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm".
Nəzərinizə çatdıraq ki, Azərbaycanın möhtəşəm qədim abidəsi olan Qobustan qayaüstü təsvirlərində insan məskəninin keçdiyi bütün inkişaf mərhələsi, dini görüşləri, əmək fəalliyyəti, ətraf mühitə münasibəti bədii təsvir vasitələri ilə əks etdirilib. Qədim insanlar öz əcdadlarını müxtəlif heyvan surətində təsəvvür edərək, heyvanları (maral, quş, keçi və s.) totem, onqon kimi qəbul ediblər. Ekspozisiyada bu qəbildən olan göyərçin, tovuz quşu, keçi fiqurları nümayiş olunub.
Azərbaycan keramika üzərində piktoqrammalar eneolit dövrünə aid edilir. Ekspozisiyada eyni zamanda metal, ağacdan, sümükdən, daşdan düzəldilmiş əşyalar, həmçinin xalça məmulatları, tikmələr, milli geyim nümunələri də tamaşaçıların ixtiyarına verilib.
Qeyd edək ki, sənət əsərləri üzərində ənənəvi həndəsi, nəbati naxışlarla yanaşı, klassik Şərq poeziyasının korifeylərinin əsərlərindən (Nizami, Firdovsi, Füzuli və s.), həmçinin nəsillərdən-nəsillərə ötürülən əfsanə və əsatirlərdən ilham alan süjetli kompozisiyalar da tez-tez rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB