Azərbaycan incəsənəti minilliklər boyu

Azərbaycan incəsənəti minilliklər boyu

Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə "Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin açılış mərasimi və "Azərbaycan el sənəti" adlı kitabın təqdimatı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanda xalqın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilk təsviri sənət nümunələri hələ mezolit dövründə (e.ə XII-VII minilliklərdə) yaranıb və sonraki dövrlərdə təkmilləşərək inkişaf etdirilib. Azərbaycanın möhtəşəm qədim abidəsi olan Qobustan qayaüstü təsvirlərində insan məskənin keçdiyi bütün inkişaf mərhələləri, dini görüşləri, əmək fəaliyyəti, ətraf mühitə münasibəti bədii təsvir vasitələri ilə əks etdirilib.

Qədim insanlar öz əcdadlarını müxtəlif heyvan surətində təsəvvür edərək, heyvanları (maral, quş, keçi və s.) totem kimi qəbul edirdilər. Ekspozisiyada bu qəbildən olan göyərçin, tovuz quşu, keçi fiqurları nümayiş olunacaq.

Azərbaycanda keramika üzərində piktoqrammalar eneolit dövrünə aid edilir. Belə keramika nümunələri arxeoloji qazıntılar zamanı Göygöl, Beyləqan, Naxçıvan, Qazax, Şabran və s. yerlərdə aşkar edilib. Qədim Azərbaycanda, əsasən, xarakterik üç cür keramika istehsal olunurdu: qaracilalı, qaxma naxışlı qaracilalı və rəngli-şirəli. Bu qəbildən olan keramika nümunələrinin bəziləri məişət, bəziləri isə mərasim xarakteri daşıyırdı. Bu qablar ovçuluq, məhsuldarlıq, artım və həyat ağacı kultuna həsr edilirdi. Arxeloji qazıntılar zamanı aşkar edilmiş ilk tunc və dəmir dövrünə aid eksponatlarla yanaşı, XI-XIX əsrlərdə hazırlanmış yüksək bədii metal nümunələri də ekspozisiyada yer alıb.

Nəzərinizə çatdıraq ki, ekspozisiyada eyni zamanda metal, ağacdan, sümükdən, daşdan düzəldilmiş əşyalar, həmçinin xalça və xalça məmulatları, tikmələr, milli geyim nümunələri də tamaşaçıların ixtiyarına veriləcək. Bu əşyalar məişət və gündəlik istifadə elementləri olmaqla bərabər, hər biri yüksək sənət nümunələri kimi xalqın zövqünü, inancını və həyata baxışlarını əks etdirir. Sənət əsərləri üzərində ənənəvi həndəsi, nəbati naxışlarla yanaşı, klassik Şərq poeziyasının korifeylərinin əsərlərindən (Nizami, Firdovsi, Füzuli və s.), həmçinin nəsillərdən-nəsillərə ötürülən əfsanə və əsatirlərdən ilham alan süjetli kompozisiyalara tez-tez rast gəlinir.

Qeyd edeək ki, XIX və XX əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan rəssamlarından Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Mir Möhsün Nəvvabın əsərləri də sərgidə yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə