Bakıda “Xəttatlıq, miniatür və keramika” sərgisi açılacaq

Bakıda “Xəttatlıq, miniatür və keramika” sərgisi açılacaq

Oktyabrın 23-də, saat 18:30-da Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda (Ünvan: Əziz Əliyev küçəsi, 4/6) "Xəttatlıq, miniatür və keramika" sərgisinin açılışı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Ekspozisiyada Azərbaycan və Türkiyə sənətçiləri - Gülxan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunacaq.

Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli bildirib ki, qurum həmişə yaradıcı təşəbbüslərə dəstək verir. Mərkəz 2008 və 2010-cu illərdə Gülxan Bəydəmirin fərdi sərgisini təşkil edib. Klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin əl işləri böyük maraq doğurub. Onun bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb, Almaniyada və Avstriyada sərgiləri açılıb.

Gülxan Bəydəmirin Türkiyədə yaşayıb-yaradan iki gənc sənətkarla birgə sərgi keçirmək təşəbbüsü də Bakı İncəsənət Mərkəzi tərəfindən dəstəklənib.

Nəzərinizə çatdıraq ki, Ayşe Betül Özey 13 ildir ki, ənənəvi türk sənətləri ilə məşğul olur. O, həm də klassik dizaynları özünəməxsus şəkildə improvizə edir. Kurslar təşkil edərək yerli və xarici vətəndaşlara bu sənətin sirlərini öyrədir. Sərgidə müəllifin zərgərlik sənəti nümunələri nümayiş olunacaq.

Özgün Fəridə Özgan isə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin klassik arxeologiya sahəsində təhsil alıb. 2000-ci ildən etibarən müstəqil şəkildə miniatür sənəti ilə məşğuldur. 2006-cı ildə türk-islam sənətləri müsabiqəsində birinci olub. Əsərləri müxtəlif incəsənət məkanlarında sərgilənir.

Qeyd edək ki, "Yeni Gallery" salonunda açılacaq sərgi noyabrın 3-dək davam edəcək. Sərgidə zərgərlik sənəti nümunələri, xəttatlıq, miniatür və keramika sənət növlərində 40-a qədər əsər təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə