Görkəmli teatr xadimi, milli aktyor məktəbinin görkəmli nümayəndəsi, Respublikanın xalq artisti Hacağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğludur. Xatirə gecəsində Hacağa Abbasovun oynadığı tamaşalardan parçalar nümayiş olunacaq, aktyorun yaradıcılığına dərindən bələd olan teatr xadimləri xatirələrini bölüşəcəklər.
Nəzərinizə çatdıraq ki, Hacağa Mütəllib oğlu 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan Hacağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacağa Abbasov Akademik teatra direktor təyin olunub. Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyоrları Gürcüstandan Bakıya gətirib. 1925-1929-cu illərdə Dövlət Dram Teatrında uğurlu tamaşalar hazırlayıb. Sоnralar Bakı Teatr Teхnikumunda direktоr (1929-1937), Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb. Özu də kiçik həcmli pyeslər yazıb, "Хatirələrim" kitabının müəllifidir. Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Xalq artisti (1932) Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda vəfat edib.
Qeyd edək ki, xalq artisti Hacağa Abbasovun anadan olmasının 125 illik yubileyinə həsr edilmiş xatirə gecəsi oktyabrın 23-ü saat 19:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB