Turan Cavidin 90 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək

Turan Cavidin 90 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək

23 oktyabr 2013-cü il tarixdə, saat 14:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında Turan Cavid Qadın Mərkəzi İctimai Birliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük romantik şairi, görkəmli dramaturq Hüseyn Cavidin yadigarı, tanınmış ictimai xadim Turan Cavidin anadan olmasının 90 illiyinə həsr olunmuş "Turan xatirələrdə" adlı yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, gecədə Turan Cavidin yaxınları, onunla birlikdə çalışmış insanlar, teatr xadimləri, muzey əməkdaşları, mətbuat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, Turan Cavid 1953-cü ildən Teatr Muzeyində çalışmış, 1968-ci ildən 1990-cı ilə qədər bu müəssisənin direktoru olub. Sonralar o, Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə açılan Hüseyn Cavidin Ev Muzeyinin direktoru olmuş, ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik edib.

Qeyd edək ki, Turan Cavidin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb, Əmək Rəşadətinə Görə medalı və Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib.

Turan Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə