Xalq Yazıçısının anadan olmasından 90 il ötür

Xalq Yazıçısının anadan olmasından 90 il ötür

Azərbaycan nasiri, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), antisovet "İldırım" təşkilatının qurucularından biri Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olub. SİA-nın verdiyi xəbərə görə, 3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunub. Lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunub. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilib. Universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeri isə 1946-cı ildə işıq üzü görüb.

Nəzərinizə çatdıraq ki, M.Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.

Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

Qeyd edək ki, Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə