Bu gün xalq artistinin ad günüdür

Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, xalq artisti 1967-ci oktyabrın 16-da Bakı şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə marağı olan Zülfiyyə babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər" verib.

Z.Xanbabayeva 161 nömrəli məktəbdə oxuyub. Məktəbi çox xoşlamasa da musiqini, ədəbiyyatı və biologiyanı sevib. Artıq o vaxtlar Əfsər Cavanşirovun xorunda oxuyub. İlk dəfə qəzetlər Zülfiyyə haqqında onun 12 yaşı olanda yazıblar. O zaman xalq artisti Üzeyir Hacıbəyovun ev muzeyində Füzulinin "Şəbi-Hicran" şeirini oxuyub. Məktəbdə təhsil aldığı zaman Cəfər Cabbarlının eyni adlı əsərində Sevil rolunu oynamaqla o özünü aktrisa kimi də sınayıb.

Zülfiyyə anasından xalq mahnıları ifa etməyi öyrənib. Eyni zamanda müasir rus estradasına, əsasən Alla Puqaçovanın, Sofiya Rotarunun yaradıcılığa böyük maraq göstərib. Bu vaxtlar o bilirdi ki, ya aktrisa, ya da müğənni olacaq. Atasının Zülfiyyəni Xarici Dillər İnstitunun tələbəsi görmək arzusuna baxmayaraq, məktəbi bitirdikdən sonra Zülfiyyə İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsinə daxil olub. Məktəbdə oxuduğu vaxtlar arası onu fars, ingilis dilləri kursuna aparsa da onun bu sahəyə heç bir marağı yox idi. Z. Xanbabayeva İncəsənət İnstitutuna daxil olmaqla öz qarşısına qoyduğu məqsədə nail olub. İnstitutda oxuduğu dövrdə o, Mirzə İbrahimovun "Mahnı dağlarda gəzər" pyesində oynayıb və bir neçə tamaşa qurub. Zülfiyyə ilə bir kursda indi onun prodüsseri olan Nigar Hacızadə oxuyub. Məhz o 1987-ci ildə öz rəfiqəsini Brilliant Dadaşova ilə tanış edib. Brilliant ifaçını dinləmiş və onun səsindən məmnun qalıb. O, bəstəkar Cavanşir Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə edib. Bəstəkar Zülfiyyəni istedadını layiqincə qiymətləndirib və onunla işləməyə başlayıb. Zülfiyyə 1989-ci ildə "Bakı Payızı-88" musabiqəsində iştirak edib və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını ifa etməklə finala çıxıb.

1994-cü ildə xalq artisti Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlayıb.

2005-ci ildə "Canım məmləkətim " adı altında Azərbaycanın dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxıb. İndiyə kimi Zülfiyyənin 14 klipi və 5 albomu işıq üzü görüb. 2003-cü ildə Zülfiyyə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb. 2008-ci il 17 sentyabr tarixindən isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xalq artisti adını alıb.

Hazırda ailəlidir və Dəniz adında bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə