Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dövlət mükafatı laureatı Məmməd Araz 80 illik yubileyinin tamam olması münasibətilə bu gün Fəxri Xiyabanda yad edilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, şairlər Qardaşxan Əzizxanlı, Seyran Səxavət, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım Şurasının sədri Cahangir Məmmədli, yazıçılar, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.
Milli Məclisin deputatı Aqil Abbas xalq şairi Məmməd Arazın Azərbaycan poeziyasına göstərdiyi əvəzsiz xidmətlərdən geniş söz açıb: "Cənab Prezident İlham Əliyev xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə xüsusi sərəncam verib. Həmin sərəncamda bu günün ölkədə geniş qeyd olunması, müxtəlif tədbirlərin həyata keçirilməsi və başqaları nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi də bununla bağlı layihələr hazırlayır. Buna görə də mən dövlət başçısına minətdarlığımı bildirirəm. Məmməd Araz Azərbaycan xalqının istəyini, arzusunu nəzərə alan şair olub. Adətən Məmməd Araza təbiətdən çox yaz deyiblər. Ancaq mən tam əksini fikirləşirəm. Çünki Məmməd Araz təbiətin ağacını, daşını, suyunu da insan bilib, ona insan kimi yanaşıb. Məmməd Araz Azərbaycanın nəyi varsa hər birini poeziyaya köçürmək istəyib. Onu deyə bilərəm ki, o, bunu da bacardı. Məmməd Araz 30 ildən çox ağır xəstə olub. Hətta evindən çölə belə çıxmayıb. Amma heç zaman xəstəliyə boyun əymədi. Onun bir misrası var: "Ölə-ölə yazmıram, yaza-yaza ölürəm". O, Azərbaycanın dərdini də, sevincini də yaşayan şairlərdən olub. Məmməd Araz xoşbəxt şairdir ki, o, Azərbaycanın müstəqilliyini gördü".
Qeyd edək ki, xalq şairi Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).
2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB