Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər, o cümlədən 29 may-1 iyun 2013-cü il tarixində Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, 2012-2013-cü tədris ilinin yekunları və respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələr, bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqin nəticələri, Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi və tabeliyində olan müəssisələrin fəaliyyəti müzakirə olunub.

Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu nəticələrini yüksək dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və himayəsi ilə gerçəkləşən Forum ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanında, multikulturalizmin əsas mərkəzlərindən birinə çevrildiyini göstərir.
İclasda Bakıda Forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili, Foruma dair kitab-kataloqun nəşr edilməsi və digər məsələlər müzakirə olunub, müvafiq qərar qəbul edilib, Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinə tapşırıqlar verilib.

Nəzərinizə çatdıraq ki, 2013-cü ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrindən danışan nazir Əbülfəs Qarayev bununla bağlı Azərbaycan Turizm Assosiasiyasında geniş müzakirələr aparılacağını deyib. Həmçinin İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri monitorinqlər zamanı ciddi problemlər ortaya çıxıb. Nəticələr göstərir ki, turizm müəssisələrinin öz işlərinə daha məsuliyyətli yanaşmasını tələb etməli və nəzarəti gücləndirməliyik. İclasda Nazirliyin Turizm şöbəsi tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri üçün idarəetmə ilə bağlı seminarların təşkili, şöbənin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə paytaxtdakı mehmanxanalarda monitorinqlər keçirməsi məsələsi də müzakirə olunub.

Qeyd edək ki, 2012-2013-cü tədris ilinin yekunları və respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələrə toxunan nazir tədris müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacibliyini xüsusilə söyləyib. Vurğulanıb ki, məktəblərdə maddi-texniki bazanın yaxşılaşdırılması, təmir və yenidənqurma işləri ilə yanaşı, ümumilikdə tədris müəssisələrinin fəaliyyəti, iş üslubu da yenilənməli, günün tələblərinə cavab verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə