"Özbəkturizm" Milli Şirkətinin və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin birgə təşkilatçılığı ilə "Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın ekoturizmin inkişafı sahəsində təcrübəsi, dövlətin bu sahəyə dəstəyi və bu sahənin potensialının günü-gündən artması müzakirə edilib. Eyni zamanda, ekoturizmin təşkilati-hüquqi, sosial-iqtisadi amilləri haqqında danışılıb.
Konfransda Malayziya, Türkiyə, İndoneziya səfirləri, "Özbəkturizm" təşkilatının rəhbəri ölkələrinin turizm potensialları, bu sahədə əldə etdikləri nailiyyətlər, habelə turizm sahəsində öz təcrübələri haqqında məruzə ilə çıxış ediblər.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov konfransda Azərbaycanın turizm potensialı, ölkəmizdə ekoturizmin inkişafı sahəsində görülən işlərlə əlaqədar məruzə ilə çıxış edib. O, öz məruzəsində ölkənin regionlarında yeni-yeni turizm obyektlərinin, mehmanxanaların tikilməsi və turizm sənayesində qısa müddətdə əldə edilən böyük uğurlar haqqında danışıb.
Nəzərinizə çatdıraq ki, Samir Abbasov Azərbaycan dövlətinin turizm sahəsinə dəstəyini qeyd edərək Azərbaycanın turizm potensialı, yer kürəsindəki 11 iqlim qurşağının 9-nun məhz Azərbaycanda mövcud olması, ölkənin füsunkar təbiətinin, Xəzər dənizinin sahilində gözəl çimərliklərin, müalicəvi Naftalan nefti və burada dünya standartlarına uyğun yaradılmış şərait, "Şahdağ" qış-yay turizm kompleksi, ölkəmizdəki tarixi abidələr haqqında ətraflı söhbət açıb. Samir Abbasov çıxışının sonunu Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sitatı ilə tamamlayıb: "Azərbaycan turizm sahəsində parlayan ulduzdur".
Qeyd edək ki, məruzə ilə yanaşı konfransda Azərbaycanın turizm potensialına dair video material nümayiş etdirilib. Həmçinin S.Abbasovun məruzəsi Özbəkistan İqtisadiyyat Universiteti və "Özbəkturizm" təşkilatının turizm sahəsinə dair birgə hazırladığı kitabda nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB