Teatr kollektivi mövsümün ilk qastrol səfərindən qayıdıb

Teatr kollektivi mövsümün ilk qastrol səfərindən qayıdıb

Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Sentyabr ayının 30-dan oktyabr ayının 7-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilib.

Qastrol çərçivəsində kollektiv teatrın repertuarında olan ən maraqlı 3 tamaşa ilə çıxış ediblər. Oktyabr ayının 1-i və 2-də kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Rəsul Rzanın "Ana qaz" əsəri əsasında hazırlanmış allegorik bir hissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçılarının görüşünə gəlib.

Kollektivin Həştərxan şəhəri ilə tanışlığı Volqa çayı boyunca salınmış Azərbaycan parkı və parkda ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edilməsindən sonra başlayıb.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan "Ana qaz" tamaşası məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb və Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə də tamaşaçılar tərəfindən aktyorların peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənilib.

Uğurla keçən qastrol səfərinin bağlanışında Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirib, daha sonra Həştərxan vilayəti Mədəniyyət nazirinin Azərbaycan Respublikası Məədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.

Oktyabr ayının 4-dən – 6-dək kollektiv Kalmikiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında xalq şairi Rəsul Rzanın "Ana qaz", İşveç dramaturqu Lars Nurenin "Müharibə" və alman yazıçısı və ssenaristi Patrik Züskindin "Kontrabas" əsərləri əsasında hazırlanan tamaşalarla çıxış edib.

Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmikiya Respublikasının mədəniyyət naziri xanım Amulanqa Uçurova, Elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva, Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri hökümət təşkilatının sədri Sabir Quliyev, B.Basanqov adına Milli Dram teatrının bədii rəhbəri, RF-nın Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev və teatrın direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva, Qalina Borisovna qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirib, kollektiv üzvlərinə fəxri diplomlar təqdim ediblər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Nicat Kazımov da qastrol səfəri barədə öz təsüratlarını bölüşüb: "Gənc Tamaşaçılar Teatrının 27 nəfərlik heyyətlə Rusiyanın Həştərxan, Kalmikiya respublikasının paytaxtı Elista şəhərinə səfər etdik. Həştərxanda gündə 2 tamaşa olmaqla 3 gün rejissoru olduğum "Ana qaz" tamaşasını oynadıq. Tamaşa Həştərxan tamaşaçısının böyük sevgi və rəğbətini qazandı. Hər üç tamaşa "Kantrabas" mono tamaşasını və Bəhram Osmanovun quruluşunda "Müharibə" izləyicilərin böyük marağına səbəb oldu. Deyərdim ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiyanın bu iki şəhərində Azərbaycan teatrını layiqincə təmsil edə bildi".

Qeyd edək ki, ikitərəfli yaradıcılıq müqaviləsinə əsasən bu ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, gələn ilin may ayında isə Kalmıkiya Milli Dram Teatrının ölkəmizdə qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulub. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə