Azərbaycan kitabları Frankfurt yarmarkasında sərgilənəcək

Azərbaycan kitabları Frankfurt yarmarkasında sərgilənəcək

9-13 oktyabr tarixində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu il 65-ci dəfə gerçəkləşən Frankfurt yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, nazirliyin əməkdaşlarından, "Renessans" və "Şərq-Qərb" nəşriyyatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti bu il ölkəmizi dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil edir.

Ötən illərdən fərqli olaraq, bu il icarəyə götürdüyü sahə, stend daha genişdir. Kitablarımız Frankfurter Messe sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunacaq. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq.

Azərbaycan guşəsində nəzərdə tutulan əsas tədbirlərdən biri 12 oktyabrda Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim olacaq. Tədbirə Hessen əyaləti məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunub. Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, Ümummilli Liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı da keçiriləcək.

Ümumilikdə ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.

Nəzərinizə çatdıraq ki, Frankfurt kitab yarmarkası 1949-cu ildən ənənəvi olaraq keçirilir. Bu kitab sərgisinin tarixi isə əsrlər öncəyə gedib çıxır. XV əsrdə Frankfurtun yaxınlığındakı Mayns şəhərində yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf etməsindən sonra kitab ticarəti inkişaf etməyə başlayıb və ilk yarmarkalar keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilirdi. Sonralar Leypsiq yarmarkası onu kölgədə qoysa da, II Dünya müharibəsindən sonra, 1949-cu ildə Frankfurtda kitab yarmarkası yenidən təşkil olunaraq əvvəlki şöhrətinə qovuşub və hər il oktyabrın ortalarında dünya kitablarını bir araya gətirir.

Qeyd edək ki, bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək. Ənənəyə görə, hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə