Bu gün Britaniya teatrının çoxsaylı mükafatlara layiq görülmüş "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşasının Bakıda nəzərdə tutulan nümayişi ilə bağlı mətbuat konfransı keçirilib. "SİA-nın verdiyi xəbərə görə, tamaşada Syu Əplbi, Elenor Buxan və Lyuis Barfut rol alacaqlar. "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb. Milli London Teatrında 5 həftə ərzində keçirilən 40 nümayiş ərzində bütün biletlər satılıb. Tamaşa bütün iri teatr festivallarında və Bermingemdən tutmuş Pekinə qədər bütün dünya teatrlarında nümayiş etdirilib.
Konfransda bildirilib ki, "British Council" təşkilatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Böyük Britaniyanın "1927" teatr şirkətinin ifasında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşasını böyük məmnuniyyətlə təqdim edir.
Aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət bu qeyri-adi tamaşa, teatrı heç zaman təsəvvür etmədiyiniz tərzdə sizə yenidən tanıdacaq. Real faktlar, vahiməli nağıllar, qara yumor, kabare mahnıları və abstrakt fəza ilə qarışır. Əla sinxronlaşdırılmış canlı musiqi, ifa və rəvayət müşayiəti ilə real aktyorlar cizgi obrazlarla təmas yaradır. Kinematoqrafiya və animasiya elementlərinin təəccübləndirici sintezi ilə yaradılan bu tamaşa Britaniyanın teatr incəsənətinin orijinallığına və cəsurluqla tətbiq edilən yeniliklərinə işarədir.
Tamaşada şəhərin bir küncündə yerləşən, qorxu və iyrənmə hissləri oyadan, qonşu-güdənlər və dələduzlar məskəni olan, kasıbçılıq və ölüm isə heç zaman yaxasını buraxmayan, iylənmiş bataqlıq məhəlləsindən bəhs olunur.
Böyük Britaniya mətbuatında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası ilə əlaqədar aşağıdakı rəylər söylənib:
"1927: Bu tamaşanın oxşarı yoxdur" ( "The Times" qəzeti)
" "1927" şirkətinin ticarət markası arxa fonda qüsursuz çəkilmiş cizgi filmlə sintez olunmuş canlı musiqi və ifadan ibarət tamaşası ilə texniki məharət nümunəsinə çevrilib." ("The Scotsman")
"1927 şirkəti böyük ustalıqla düşünülmüş alleqoriyanın yaradıcısıdır…." ("The Guardian" qəzeti)
Nəzərinizə çatdıraq ki, tamaşanın yaradıcısı "1927" şirkəti, quruluşçu rejissor və müəllifi Syu Əndreyd, bəstəkarı Lilian Henli, quruluşçu direktor Stiv Uotlinq və prodüseri isə Coana Kraulidir. Həmçinin tamaşa, rus və azərbaycan dillərinə sinxron tərcümə təmin olunmaqla, ingilis dilində ifa olunur. Sözügedən tamaşa 12 yaşından başlayaraq tamaşaçıların müxtəlif yaş qrupları arasında maraq oyadacaq.
Qeyd edək ki, "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası 11 oktyabr saat 19:00-da, 12 oktyabr saat 14:00 və 19:00-da başlayacaq. Biletlərin qiyməti isə 6-11 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB