Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtın Tarix Muzeyində Sumqayıt şəhərindən və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın verdiyi xəbərə görə, 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm idarə və şöbələrinə müraciət etməklə qəbula yazılıblar. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif məsələlərlə bağlı xahişlərini bildirib, təkliflərlə çıxış ediblər.

Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə yeni musiqi məktəbinin açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, fərdi təqaüdlərin verilməsi, turizm infrastrukturunun yaradılması, işlə təmin olunma, nazirlik tərəfindən mədəniyyət müəssisələrində mərkəzləşdirilmiş qaydada attestasiyaların keçirilməsi və digər məsələlər yer alıb.

Nəzərinizə çatdıraq ki, görüşdə Azərbaycanda qadın aşıq sənətinin inkişafı ilə bağlı təklif irəli sürülüb, həmçinin klublarda kino nümayişinə, əhalisi məcburi köçkün olan rayonların musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunmasına, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi xahiş olunub. Sumqayıtdan qəbula yazılan vətəndaşlar tərəfindən şəhərdəki "Nizami" kinoteatrının təmiri, "Kimyaçı" mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması ilə bağlı xahişlər də səslənib.

Vətəndaşları dinləyən Nazir bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını deyib.
Jurnalistlərin suallarını cavablandıran Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlərin yerlərdə mövcud problemlərin öyrənilməsi və həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıdığını söyləyib. Nazir bildirib ki, belə görüşlər əhali tərəfindən rəğbətlə qarşılanır: "Vətəndaşlar ən müxtəlif məsələlərlə bağlı bizə müraciət edirlər. Bu dəfə də yeni mövzular, yeni təkliflər səsləndirildi. Müraciətlərdə torpaq sahəsi sahiblərinin qoruqlarla münasibətlərinin tənzimlənməsi, işlə təmin olunma, fərdi təqaüdlərin verilməsi, tarixi abidələrin qorunması və bərpası kimi məsələlər qaldırılıb. Yəni, əksəriyyəti vətəndaşlıq nöqteyi-nəzərindən narahatlıq doğuran məsələlərlə bağlı müraciətlər idi. Biz çalışacağıq ki, ötən görüşlərdə olduğu kimi, bu müraciətlərin də böyük əksəriyyətini dərhal həll edək. Amma elə məsələlər var ki, onların həlli müəyyən vaxt tələb edir. Onların da zamanla həlli üçün lazımi addımlar atılacaq".

Qeyd edək ki, Sumqayıt şəhərindəki "Nizami" kinoteatrının mövcud vəziyyətinə də toxunan Nazir deyib ki, bununla bağlı layihələndirmə işi 2014-cü ilə nəzərdə tutulur. Həmçinin, kinoteatr əsaslı təmir-bərpa olunana qədər şəhər mədəniyyət sarayında filmlərin nümayişi həyata keçiriləcək. Bunun üçün mədəniyyət ocağı müasir avadanlıqlarla təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə