TÜRKSOY-un 20 illik fəaliyyətinə həsr olunan tədbirlər yekunlaşıb

TÜRKSOY-un 20 illik fəaliyyətinə həsr olunan tədbirlər yekunlaşıb

TÜRKSOY-un üvz və müşahidəçi ölkələri nazirləri və digər yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Nazirlər Şurasının 31-ci iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın son 1 ildə yerinə yetirdiyi işlər və 20 illik ümumi fəaliyyəti haqqında məlumat verib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin TÜRKSOY-un inkişafına göstərdiyi dəstək, Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyevin türkdilli ölkələrin həmrəyliyi və TÜRKSOY-un beynəlxalq qurum kimi formalaşması istiqamətində apardığı işlər barədə məlumat verib. Nazir həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yeni yaradılacaq Türk Mədəniyyəti və İrsi Fondu gələcəkdə TÜRKSOY-la birgə mühüm layihələr həyata keçirəcək. İclasın yekun qərarında Tatarıstanın paytaxtı Kazan şəhəri 2014-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bununla yanaşı 2014-cü ildə türkmən şairi Maxtumquli Fraqinin 290 illik və qırğız şairi Toqtoqulanın 190 illlik yubileylərinin, həmçinin Naxçıvan şəhərinin 5000 illiyinin qeyd olunması qərara alınıb.

Qeyd edək ki, nazir Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Türkdilli ölkələrin ağsaqqallar şurasının üzvü Fəttah Heydərov, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və digər nümayəndələr Ankarada Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka baş çəkib, parkda aparılan abadlıq işləri ilə tanış olmuş və Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə