Azərbaycan nümayəndə heyəti Beynəlxalq Film Festivalında iştirak edir
2013-cü ilin 3-5 oktyabr tarixində Çex Respublikasının Karlovı Varı şəhərində keçirilən "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovdan ibarət nümayəndə heyəti iştirak edir.
İştirakın əsas məqsədi bu il 20-25 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı təcrübə mübadiləsini və digər turizm festivallarının nümayəndələri ilə əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsində məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı kinoları aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.
Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
Nəzərinizə çatdıraq ki, 7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə priz və pul mükafatları veriləcək. Festivalın ən yaxşı filmi "Qran Pri" mükafatı ilə təltif olunacaq.
Festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub.
Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.
Qeyd edək ki, BBTFF-də müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr də həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB