Rəhman: “Oğlum yaşasaydı yaxşı aktyor olardı” MÜSAHİBƏ

Rəhman: “Oğlum yaşasaydı yaxşı aktyor olardı” MÜSAHİBƏ

Aktyor Rəhman Rəhmanovun SİA-ya müsahibəsi:

- 1974-cü ildən bu günə qədər Kukla Teatrında çalışırsınız. Bundan əvvəl başqa teatrda işləmisinizmi?

- Bəli, 1 il Akademik Milli Dram Teatrında çalışmışam və bir çox filmlərdə rol almışam. Hətta televiziya tamaşalarım var ki, onlar da qızıl fondda saxlanılır. Həmçinin verilişlərim də olub.

- Çalışdığınız teatrdan razısınızmı?

- Əlbəttə, razıyam. Onlar çalışırlar ki, mənim istədiyim hər şeyi yerinə yetirsinlər. Kukla Teatrında mənə qarşı çox böyük diqqət var.

- Fəaliyyət göstərdiyiniz teatrdan nə qədər maaş alırsınız?

- Kukla Teatrından 210 manat pul alıram.

- Əlavə iş yeriniz var?

- Xeyir, ayağımın biri işləmədiyinə görə, toylara da gedə bilmirəm. Çünki məclislərdə 5-6 saat ayaq üstə qalmaq lazımdır. Mənim səhhətim də buna imkan vermir.

- Sizi televiziya kanallarında da görmürük buna səbəb nədir?

- Hazırda şou əhli çoxalıb. Məni çağıranda da bu cür şou xarakterli verilişlərə çağırırlar. Kanallar indi hadisələr, qalmaqallar istəyirlər. Bir otaqlı evim var. Reklam edəsi heç nəyim yoxdur. Mən də özümü belə proqramlarda görmürəm. Eyni zamanda da bu mənə yaraşan hərəkət deyil. Sözügedən məsələ mənasız işlərdir. Ancaq bəzi verilişlərə ekspert kimi dəvət edirlər. Mən də məmnuniyyətlə qəbul edirəm.

- Bəs, yeni mövsümdən çəkilən seriallara dəvət almısınızmı?

- Xeyir, təklif etsələrdə mənim o yaşım deyil ki, bütün seriallara razılıq verim. Ancaq bir müddət bundan əvvəl mənə atanın faciəsi xarakterli obraz təklif etdilər. Sözügedən obrazı qəbul etmək barədə düşünürəm.

- Bəlkə siz də övlad itirmisiniz ona görə, bu cür obrazı təklif ediblər?

- Xeyir, deməzdim. Aktyor həm faciə, həm də komediya janrında oynamağı bacarmalıdır. Bir sözlə, aktyor hərtərəfli olmalıdır. Onu da deyim ki, mənim simamda da kədər hiss olunur.

- Hazırda bir çox telekanallarda seriallar çəkilir. Sizcə, bu seriallarda nə dərəcədə peşəkar kadrlar çalışır?

- Bilirsiniz mən serialda əziyyəti keçən aktyor, rejissor, rəssam və başqalarına hər birinə xüsusi hörmətim var. Ancaq mənim zamanım yoxdur ki, əyləşib serialları davamlı olaraq izləyim. Əgər seriallara baxsam o zaman teatrla məşğul olmağa vaxtım qalmayacaq. Məncə tam peşəkar kadırların yetişməsi üçün zaman lazımdır. 20 il əvvəl Türkiyə seriallarına nəzər salsaq görərik ki, necə zəif seriallar təqdim olunurdu. Ancaq bu gün Türkiyə dünyada ən yaxşı serial çəkən ölkədir. Deməli püxtələşmək üçün müəyyən müddət lazımdır.

- Uzun müddətdir sizi əməkdar artist Çingiz Əhmədovla birlikdə görmürük. Buna səbəb nədir?

- Çingizlə ailəvi dostuq. Amma həm səhhətimin yaxşı olmadığına, həm də oğlum rəhmətə getdiyinə görə, özümü sırf Kukla Teatrına bağladım. Ona görə də Çingizlə birgə səhnəyə çıxmıram.

- Bildiyimizə görə, siz "Cavanlıq" serialına çəkilmisiniz. Sizcə sözügedən serialı daha çox kimlər izləyirdi?

- Təbii ki, adından da məlum olduğu kimi bu seriala daha çox gənclər baxıblar. Serialın rejissoru Osman Albayrak olub. O, sonuncu 50 hissəni çəkəndə mənə "Abi" (böyük qardaş) deyə müraciət edərək onun müəllimi olduğumu deyirdi. Osman serialın sonuncu bölümündə söylədi ki, məndən çox şey öyrəndi. Bir şeyi vurğulayım ki, mən ssenarini oxuyuram, əzbərləmirəm. Türklər səliqə-sahmanı çox sevirlər. İstəyirlər ki, aktyor ssenaridə nə yazılıbsa onu da oxusun. Ancaq mən sözləri bədahətən deyirəm. Yalnız sonuncu cümləni ssenariyə uyğun söyləyirdim ki, digər aktyor çaşmasın. Həmçinin "Bacanaqlar" serialında da bir seriyaya çəkilmişəm. Nəzərinizə çatdırım ki, Nəsibə Zeynalova, Əliağa Ağayev kimi sənətkarların məktəbini keçmişəm. Onların qarşısında səhnəyə çıxmışam.

- Hansı tamaşalarda rol almaq istəyirsiniz?

- "Doktor Aybolit" tamaşasında oynamaq istəyirəm. Çünki, bu tamaşa mənim uşaqlıq dövrümün tamaşasıdır. Artıq mən 8 ildir ki, teatrda mono (tək) tamaşa oynayıram. "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşasını tək və mükəmməl ifa etdiyimə görə mənə "Qızıl Dərviş" mükafatını veriblər. 50 dəqiqə tək bütün zalı əldə saxlamaq çox çətindir.

- Sizcə filmlərdə rol almaq çətindir yoxsa, tamaşalarda çıxış etmək?

- Mənim üçün kinoda çəkilmək çox çətindir. Çünki film hissə-hissə, əvvəli sonda, sonu əvvəldə çəkilir. Montaj nəticəsində görürsən ki, gözəl əsər ortaya çıxıb. Yenə də mən onu qavraya bilmirəm. Əslində teatr çətin sənət olmağına baxmayaraq, mənə kino daha qəliz gəlir.

- "Prezident Mükafatı"na layiq görülmüsünüz. Sözügedən mükafata görə nə qədər pul alırsınız?

- Təqaüdə görə, 500 manat pul alıram. Ancaq o da 1 illik olduğu üçün bu mənə çətin gəlir. Çünki artıq 1 ilin tamam olmağına az qalıb. Bu pula mənim çox ehtiyacım var. İstərdim ki, hər il bu yardım mənə edilsin.

- 40 ildir ki, Azərbaycan mədəniyyətinə xidmət edirsiniz. Bu yaxınlara mədəniyyət işçilərinə şərəf ordeni, fəxri adlar, medallar təltif etdilər. Ancaq sizin adınız həmin siyahıda yox idi. Bu nə ilə bağlıdır?

- Doğrudur. Mənə heç bir fəxri ad verilmədi. Yəqin ki, növbəti mükafatlandırma mərasimində mənim də adım olar. Çünki artıq 40 ildir ki, Azərbaycan incəsənətinə, mədəniyyətinə xidmət edirəm. Ancaq qeyd edim ki, prezident mənə "Prezident mükafatı" verib. Mənə belə bir mükafat verildiyinə görə qürur duyuram. Bu adı daşımaq o biri titullardan daha mühimdir. Özüm də bu teatrda 2005-ci ildən YAP-ın sədri vəzifəsindəyəm. Həmçinin Səbail və Binəqədi rayonları YAP-ın fəxri fərmanlarına layiq görülmüşəm. Çünki mən YAP-ın mədəni, ictimai işlərində fəal iştirak edirəm. Bəlkə də mən yeganə aktyoram ki, Qarabağ döyüşlərində olmuşam. Tək əsgərlərin qarşısında çıxışlarım olub. Hətta səngərdə düşmən snayperinə də tuş gəlmişəm. Evimdə saysız-hesabsız təşəkkürnamələrim, müdafiə nazirliyindən fəxri fərmanlarım var. Ancaq mən ortaya çıxarmıram. Hətta mənə hərbi komisarlıqdan zəng edərək söyləyirlər ki, sənədlərimi oraya təqdim edim və onlarada mənə veteran vəsiqəsi versinlər. Amma mən düşünürəm ki, böyük iş görməmişəm və həmin vəsiqəyə də layiq deyiləm. Borcumdur ki, əsgərlərin qarşısında çıxış edim.

- Buna görə sizə hər hansı ev və ya torpaq sahəsi verilibmi?

- Bəli, kəndimizin bələdiyyəsi 6 sot pulsuz torpaq sahəsi vermişdi. İndi onun sotu 30 mindir. Qəbul etmədim ki, evim var. Halbuki, 1 otaqlı mənzildə yaşayıram.

- Ailənizdə kimsə sizin sənəti davam etdirirmi?

- Teatr sahəsində yoxdur. Ancaq oğlum Emil Rəhmanov müğənnidir. Musiqi ilə məşğul olur. Onu da deyim ki, rəhmətə gedən oğlum İlham Rəhimov teatrda texniki işlərdə çalışıb. Mərhum rejissorumuz Rəhman Əlizadə mənə dedi ki, "Oğlun İlham çox istedadlı uşaqdır. Gəl onu texniki işlərdən uzaqlaşdırıb aktyor kimi fəaliyyət göstərsin. Ona yeni rollar verim". Mən seçimi oğlumun ixtiyarına buraxdım. Ancaq o, razılaşmadı. Çünki İlham hələ gənc idi. 18-19 yaşına yenicə keçmişdi. Artıq hərbi xidmətə gedən vaxtı idi. Ona görə də, düşünürdü ki, xidmətini başa vurduqdan sonra aktyor kimi sənətə başlasın. Amma qismət olmadı. Vaxtsız dünyasını dəyişdi. İlham yaşasaydı bəlkədə yaxşı aktyor olardı.

- Həyatda nəyəsə görə peşman olmusunuzmu?

- Mənim düşmənim yoxdur. Məncə düşməni olmayan insan da peşman ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə