“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçirilib

“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçirilib

Bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur. Bu münasibətlə Nizami Kino Mərkəzində möhtəşəm tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri Şəfiqə Məmmədova, Ayaz Salayev, Rasim Balayev, Fəxrəddin Manfov, Amaliya Pənahova, İlham Namiq Kamal, Şeyx Əbdül Mahmudov, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Oktay Əliyev, Nahidə Orucova, Aqil.M.Quliyev, mədəniyyət işçiləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Gecəni giriş sözü ilə mədəniyyə və turizm naziri Əbülfəs Qarayev açaraq Kinostudiyanın 90 illiyini təbrik edib: "Bu gün biz bu möhtəşəm gecəyə yığışmışıq. Bəşəriyyət üçün az, ancaq bir insan həyatı üçün 90 il böyük ömür yoludur. 1923-cü ildə "Kinostudiya" yaranıb. Əvvəllər səssiz filmlər təqdim olunurdu. Zaman keçdikcə filmlər də inkişaf dövrünü yaşadı. Lakin 1990-cı illərdə Azərbaycan filmləri böhran dövrü keçirib. Ancaq yenə də kinostudiyalar dağılmadı və bu günə baxdıqda Azərbaycan mədəniyyətinin necə sürətlə inkişaf etdiyini görə bilərik. 2006-cı ildən dövlət film sahəsinə vəsait ayırıb. Hər il ölkəmizdə 5-7 film çəkilib kinosevərlərə təqdim olunur. Sevindirici hal odur ki, artıq yaşlı nəsillə çiyin-çiyinə gənclərimiz də çalışır. Onu da deyim ki, bu ilin sonuna qədər Azərbaycan kinostudiyası təmir ediləcək".

Qeyd edək ki, Kinostudiyanın 90 illiyinə həsr olunmuş gecə konsert proqramı ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə