Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə

Bu ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək. Teatrdan SİA-ya verdilən məlumata görə, tanınmış yazıçı-dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşa təqdim olunacaq.

Dramaturq Əli Əmirlinin "Hasarın o üzü" adlı pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəri kimi düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas obrazları xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva ifa edəcəklər. quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkar, xalq artisti Səyavuş Kərimi, səhnə tərtibatı əməkdar rəssam İsmayıl Məmmədovdur.

Qeyd edək ki, tamaşanın premyerasının bu ilin noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə