Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində Birinci Payız Məktəbinin təntənəli açılış mərasimi olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Aleksandr Turovets, media nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin birinci müavini Vaqif Əliyev Azərbaycanın son illər qazandığı uğurları dilə gətirib: "Ölkəmiz müstəqillik qazandığı ilk illərdə memarlıq və arxeologiya bir o qədər də inkişaf etməmişdi. Buna səbəb də təbii ki, əvvəllər ölkəmizin iqtisadiyyatının bu səviyyədə inkişaf etməməsi olub. Ancaq indi ölkəmizin mədəniyyət sahəsindəki uğurlarından geniş danışa bilərik. Bu müvəffəqiyyətlərin olmasının yegənə səbəbi Prezident İlham Əliyevin qoyduğu düzgün siyasətin təzahürüdür. Birinci Payız Məktəbinin açılışı da böyük layihədir. Bu cür məktəblərin açılmasına səbəb gənclərin memarlıq abidələrinə maraqlarını artırmaqdır. Cənab Prezident İlham Əliyev də bu layihəyə böyük diqqət göstərib. Artıq deyə bilərik mədəniyyət sahəsində xeyli irəliləyiş var. Çoxlu qoruqlar açılıb, abidələrimiz bərpa olunur, qeyri-maddi mənəvi abidələrimiz qorunur. Bunlar da işlərimizin bəhrəsidir".
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova danışıb: "Son illər ölkəmizdə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası üzrə xeyli işlər həyata keçirilir. Sözügedən işlər çox zəruri məsələdir. Dövlətin bu sahəyə diqqəti də danılmazdır. Memarlıq və arxeoloji abidələrin turistlik obyektinə çevrilməsində də çox mühüm şərait yaradılıb".
Təlimdə iştirak edən Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Aleksandr Turovets də Azərbaycanda olduğuna görə çox sevindiyini bildirib: "Bu region arxeoloji abidələrin bərpası baxımından da bzim üçün çox vacibdir. 20-30 il bundan əvvəl ən vacib arxeoloji regionlar Misir, Mesopatemiya olub. Ancaq indi hamının diqqəti Qafqaz regionundadır. Dünən mən tarix muzeyində oldum. Gördüklərimdən çox şad oldum ki, burada mən İranın, Rusiyanın təsvirlərini gördüm. Düşünürəm ki, Azərbaycan mədəniyyətlərin qovşağında yerləşir".
Nəzərinizə çatdıraq ki, layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək. İştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğu və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı qazanacaqlar.
Düşərgədə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş 30 gənc iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, düşərgənin sonunda iştirakçılara Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB