Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin 24-27 sentyabr tarixində keçiriləcək memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbinin təntənəli açılış mərasimi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikasının Memarlar İttifaqının nümayəndələrinin çıxışları nəzərdə tutulub.
Layihənin ilk günü keçiriləcək nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu idarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutun, Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatların nümayiş etdirilməsi planlaşdırılır.
Təlimlərdə iştirak etmək məqsədilə Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral tarix və incəsənət muzeyinin tədqiqatçısı Aleksandr Turovets ölkəmizə səfərə dəvət edilib.
Layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğu və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.
Nəzərinizə çatdıraq ki, düşərgədə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş 30 gənc iştirak etmək hüququ əldə edib. Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, layihənin açılış mərasimi 24 sentyabr 2013-cü il tarixində "Four Seasons Hotel Baku" mehmanxanasında (Ünvan: Neftçilər prospekti 77/79, Azneft dairəsi, Bakı, Azərbaycan) keçiriləcək. Tədbir iştirakçılarının və media mənsublarının qeydiyyatı saat 09:30-dan 09:50-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB