Özbəkistanda yeni Azərbaycan filmlərinin təqdimatı keçirilib FOTO

Özbəkistanda yeni Azərbaycan filmlərinin təqdimatı keçirilib FOTO

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində son illər çəkilmiş Azərbaycan filmlərinin təqdimat mərasimi keçirilib və yeni filmlərin nümayişinə start verilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Özbəkistandakı Azərbaycan Səfirliyinin əməkdaşları, Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının üzvləri, "Özbəkkino" Milli Agentliyinin nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimi Azərbaycan kinosunun 115 illik tədbirləri çərçivəsində həyata keçirilib.
Mərasimini giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müstəqillik əldə etdikdən, iqtisadi sahədə yüksəliş olduqdan sonra Azərbaycanda kino sahəsi də özünün inkişaf mərhələsində olduğunu bildirib. Samir Abbasov Azərbaycan kinolarının dəfələrlə qardaş Özbəkistanda nümayiş etdirildiyini, "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Əhməd haradadır", "Görüş" filmlərinin Özbəkistanda da məşhur olduğunu vurğulayıb. O, öz çıxışında Azərbaycanda yeni filmlərin çəkilişinə dövlət tərəfindən dəstəyin artırıldığını qeyd edib.
Daha sonra təqdimat mərasimində çıxış edən "Özbəkkino" Milli Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asya Batrayeva Azərbaycan kinolarının Özbəkistanda həmişə maraqla qarşılandığını və bu kinolara sevgi olduğunu bildirib. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və yeni Azərbaycan filmlərinin maraqla izləniləcəyinə əmin olduğunu qeyd edib. Xanım Batrayeva Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib, gələcəkdə birgə layihələrin həyata keçirilməsindən və qardaş Azərbaycanla kino sahəsində əməkdaşlığın bugünki səviyyəsindən məmnun olduğunu bildirib.

Nəzərinizə çatdıraq ki, yeni Azərbaycan kinolarının nümayişinə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Niyyət" filmi ilə başlanıb. "Niyyət" filmi 2010-cu ildə Qazaxıstanda keçirilən "Şaken ulduzları" festivalında iştirak edib, "İlin filmi" nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb. "Qızıl minbər" VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən "Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə" nominasiyasında xüsusi mükafatla təltif edilib.

Qeyd edək ki, sonda izləyicilər kinodan gözəl təəssürat aldıqlarını söyləyiblər. Mədəniyyət Mərkəzinin 2013-cü il üçün iş planına əsasən hər həftənin cümə günləri Mərkəzdə yeni Azərbaycan filmləri nümayiş olunacaq. Növbəti dəfələrdə "40-cı qapı", "Arxada qalmış gələcək", "Cavad xan", "Küçələrə su səpmişəm" və başqa filmlər nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə