Üzeyir Hacıbəyov Fəxri Xiyabanda yad edildi

Üzeyir Hacıbəyov Fəxri Xiyabanda yad edildi

Bu gün dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi, (SSRİ xalq artisti, Stalin Mükafatı laureatı, "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan E.A İncəsənət İnstitutunun direktoru Üzeyir Hacıbəyovun doğum günüdür.

Bu münasibətilə Fəxri Xiyabanda Üzeyir Hacıbəyovun məzarı ziyarət olunub. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, xalq artistləri Fərhad Bədəlbəyli, Canəli Əkbərov, Mənsum İbrahimov, əməkdar artistlər Gülyaz Məmmədova, Əkbər Əlizadə media nümayəndələri və başqaları iştirak ediblər.

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə göstərdiyi əvəzsiz xidmətlərdən geniş söhbət açaraq bu sözləri dilə gətirib: "Üzeyir Hacıbəyov Azərbaycanın dahi bəstəkarıdır. Onun ölkəmizə etdiyi xidmətlər danılmazdır. Sabahdan etibarən ölkəmizdəki bütün musiqi məktəblərində, təhsil ocaqlarında, beynəlxalq səviyyədə konfranslar, tədbirlər, konsertlər, təqdimatlar keçiriləcək. Onu da deyim ki, bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqamayevin də doğum günüdür. Bu iki dahi inasanın ad günləri bizim tariximizdə çox vacib hadisədir".

Daha sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ölməz bəstəkarımız haqqında danışıb: "Mən sevinirəm ki, bu gün burda iştirak edirəm. Azərbaycanın bu cür bəstəkarının olması bizim fəxrimizdir. Həmçinin dahi bəstəkarlarımız Qara Qarayevi, Tofiq Quliyevi, Fikrət Əmirovu da anırıq. Qürur hissi ilə deyə bilərəm ki, artıq musiqimiz dünya şöhrəti qazanıb. Bu nailliyyətin əsas səbəbkarlarından biri də Üzeyir Hacıbəyovdur".

Qeyd edək ki, bu gün ölkəmizin bir çox mədəniyyət mərkəzlərində ölməz bəstəkarımız Üzeyir Hacıbəyov yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə