"Azərbaycan - Odlar Yurdu” başlıqlı material YUNESKO-nun rəsmi nəşrində dərc olundu FOTO

"Azərbaycan - Odlar Yurdu” başlıqlı material YUNESKO-nun rəsmi nəşrində dərc olundu FOTO

"Azərbaycan - Odlar Yurdu" başlıqlı material Birləşmiş Millətlərin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Ümumdünya İrs Mərkəzinin rəsmi nəşri olan "World Heritage Review" jurnalının ardıcıl olaraq 2013-cü il üzrə 2-ci və 3-cü rüblük saylarının arxa üz qabığında nəşr edilib. SİA-nın verdiyi xəbərə görə, dərginin arxa üz qabığı üçün qurulmuş kompozisiyada ölkəmizin odlar yurdu qismində qədim və müasir simvolları hesab olunan "Atəşgah məbədi" və "Bakı Alov qüllələri" kompleksi iri planda əks edilib, YUNESKO-nun Ümumdünya İrsinin ilkin siyahısında yer alan "Atəşgah məbədi" haqda ətraflı məlumat təqdim edilib.

Nəzərinizə çatdıraq ki, "World Heritage Review" jurnalı ingilis, fransız və ispan dillərində olmaqla ildə 4 dəfə nəşr edilir. İngiltərənin PFD şirkəti (Publications for Development) sözügedən dərginin istehsalı və reklamın təşkili üzrə YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin rəsmi tərəfdaşıdır. Dərginin hər buraxılışı təxminən 10.000 nüsxədə çap edilir və Ümumdünya İrs Mərkəzinin üzvləri, YUNESKO Milli Komissiyaları, Mədəniyyət və Turizm Nazirlikləri, ixtisaslaşmış turizm sərgiləri və fərdi abunəçilər arasında yayılır, elektron versiyası isə Ümumdünya İrs Mərkəzinin elektron xidmətlərindən istifadə edən 90.000 ziyarətçiyə göndərilir və hər ay 600.000-ə yaxın ziyarətçinin baş çəkdiyi Ümumdünya İrs Mərkəzinin elektron ünvanında yerləşdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının PFD şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən əməkdaşlığın yaxın müddətdə daha da iri miqyasda inkişafı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə