Akademik Milli Dram Teatrı 141-ci mövsümə hazırlaşır

Akademik Milli Dram Teatrı 141-ci mövsümə hazırlaşır

Akademik Milli Dram Teatrı 141-ci mövsümə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, teatr yeni mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası ilə açacaq. Azərbaycanın ən ağrılı problemi olan Qarabağdan bəhs edən tamaşa mövzu-problematika baxımından aktual mahiyyət kəsb edir.

Nəzərinizə çatdıraq ki, tamaşada xalq artistləri İlham Əsgərov (İbrahim xan), Rafiq Əzimov (Axund Mirmöhsün ağa), Səidə Quliyeva (Tubu xanım), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisianov), əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim ağa), Mirzə Ağabəyli (Axund Mirmöhsün ağa), Vəfa Rzayeva (Səltənətbəyim), Kazım Həsənquliyev (Əbülfət xan), Sabir Məmmədov (Saday bəy), Pərviz Bağırov (Cavad xan), Əli Nurzadə (Kəlbəli xan), Telman Əliyev (Məhəmməd xan), Elxan Quliyev (Sisianov), Elşən Cəbrayılov, Aslan Şirinov (Lisanoviç), Əjdər Həmidov, Azər Mirzəyev (Vanya koxa), aktyorlar Şəhla Əliqızı (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Rövşən Kərimduxt (Saday bəy), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Güney Əkbərova (Birinci cariyə), Rada Nəsibova (İkinci cariyə) və Elnar Qarayev (Çapar) çıxış edirlər.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Teatrda 141-ci mövsümdə də qızğın yaradıcılıq prosesi səngimədən davam edəcək. Tamaşaçılar cari mövsüm ərzində həm müasir, həm də klassik Azərbaycan və dünya dramaturgiyası nümunələrini repertuar planına daxil edib. Mövsümün ilk premyerası Əli Əmirlinin pyesi əsasında hazırlanan "Şah Qacar" tamaşası olacaq. Ötən mövsümün sonlarında ictimai baxışı keçirilən tamaşanın premyerası 21 sentyabr tarixində baş tutacaq. Tamaşanın quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemət, musiqi tərtibatçısı xalq artisti Səyavuş Kərimi, rejissor-assistenti əməkdar artist Vidadi Həsənovdur, rejissor assistenti Ceyran Həsənlidir. Rejissor Ağa Məhəmməd şah Qacar rolunu xalq artisti Fuad Poladova həvalə edib. Digər rolları xalq artistləri Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Aslan Şirinov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Kazım Abdullayev (Əli xan Cocuq), Əli Nur (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək), Elşən Rüstəmov (Cəfərqulu xan və kölgə), aktyolar, Anar Heybətov (Cəfərqulu xan və kölgə), Mətləb Abdullayev (Məmməd Əli xan Bəylərbəyi), Elnar Qarayev (Məhəmməd Vəli xan və kölgə), Vüsal Mustafayev (Məhəmməd Vəli xan və kölgə) və başqaları ifa edirlər.

141-ci mövsümün planlarından danışarkən bir məqamı da vurğulamaq lazımdır ki, bu mövsümdə hazırlanması tamaşaya qoyulması nəzərdə tutulan digər pyes H.Cavidin "Topal Teymur" əsəridir. Türk dünyasının böyük sərkərdəsi Teymurləngin həyatından bəhs edən tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Eduardo de Filipponun "Neapol milyonerlər şəhəri" adlı pyesi də bu mövsümün repertuar planına daxil olan əsərlər siyahısındadır. Pyesə gürcü rejissoru, Azərbaycan tamaşaçısının Dövlət Musiqili Komediya Teatrında hazırlanan "Xanuma" tamaşasından tanıdığı Qoça Kapanadze quruluş verəcək.

Gənc dramaturq Samid Ağayevin "Xəlifənin anası" pyesi də cari mövsümün repertuar planına daxil edilib.

Qeyd edək ki, bu mövsümdə dünyaca məşhur Polşa rejissoru Kşiştof Zanussinin Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlaması planlaşdırılır. Teatr və kino rejissoru kimi dünya miqyasında tanınan və qəbul edilən Kşiştof Zanussi Azərbaycanlı aktyorlarla özünün yazdığı "Asi" adlı əsəri tamaşaya qoyacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə