Bu gün Müasir İncəsənət Mərkəzində "12 May Group" və "Xəyal Production"un təşkilatçılığı ilə "Dəstək ver" silsiləsindən "Cazibəli rənglər" layihəsinin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, bir həftə boyunca davam edəcək layihə çərçivəsində 7 saylı Saray internat evinin sakini 21 yaşlı Nəzakət Muradovanın muncuqdan və müxtəlif dekororativ əşyalardan hazırladığı dekor işləri və 282 saylı məktəbin 6-cı sinif şagirdi fiziki qüsurlu Samirə Hüseynovanın yağlı boya ilə çəkilmiş rəsm əsərlərinin sərgisi keçirilib. Sərgiyə millət vəkili Qənirə Paşayeva, əməkdar artistlər Aybəniz Haşımova, Azərin, yazıçı-publisist Rəşad Məcid, iş adamı Hacı Səbuhi Rəcəb, müğənni Aynişan da təşrif buyurublar. Tədbiri Xəyal Rza açaraq sərginin səbəbkarlarına dəstək olmaq məqsədi ilə layihəni həyata keçirdiklərini vurğulayıb.
Daha sonra Qənirə Paşayeva çıxış edib. Millət vəkili Azərbaycan gənclərinin bacarığından, xüsusilə Nəzakət və Samirənin əl işlərindən söhbət açaraq bəyəndiyini bildirib. Millət vəkili öz növbəsində hər ikisinə daim dəstək olacağını qeyd edib. Digər qonaqlar da çıxış edərək səbəbkarları tərifləyib təbrik ediblər. Tədbir zamanı qonaqlar səbəbkarlkarın əl işləri ilə tanış olublar. Millət vəkili digər qonaqları, hətta sərgidə iştirak edən jurnalistləri də unutmayaraq onlar üçün də Nəzakət və Samirənin əsərlərini hədiyyə edib. N.Muradovanın hazırladığı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muncuqlardan ibarət portreti Heydər Əliyev Fonduna hədiyyə edilib. Əl işləri və rəsmləri bir həftə boyunca satışda olacaq. S. Hüseynovanın rəsmlərindən əldə olunmuş gəlir onun əməliyyatı üçün sərf ediləcək.
Tədbirin təşkilatçılarından olan "12 May Group"un təsisçi-rəhbəri Hacı Səbuhi Rəcəb bu cür tədbirlərin tez-tez həyata keçməsi üçün əlindən gələni edəcəyini bildirib: "Şirkətimiz xalqa xidmət etmək üçün yaradılıb. Azərbaycanın istedadlı övladlarını üzə çıxarmaq, onlara dəstək olmaq bizim vətəndaşlıq borcumuzdur. Əlimizdən gələni edirik ki, onlar hər an vətənimizin, dövlətimizin onlara dəstək olduğunu bilsinlər".
Qeyd edək ki, "Cazibəli rənglər" sərgisi 13-20 sentyabr tarixlərində Azərbaycan prospekti 11/19 ünvanında yerləşən Müasir İncəsənət Mərkəzində həyata keçiriləcək. Sərgi saat 12:00-dan, 19:00-a dək davam edəcək.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB