Memarlıq və arxeoloji abidələrin bərpası sahəsində düşərgə təşkil olunacaq

Memarlıq və arxeoloji abidələrin bərpası sahəsində düşərgə təşkil olunacaq

2013-cü ilin 18-25 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgənin təşkili nəzərdə tutulub. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək. İştirakçılar "Xınalıq" tarix, memarlıq və etnoqrafiya qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcəklər. Son illər ərzində bərpa edilmiş və hazırda isə bərpası davam etdirilən tarix, mədəniyyət abidələrini ziyarət edəcəklər.

Nəzərinizə çatdıraq ki, düşərgə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş gənclər üçün nəzərdə tutulub. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcək. Layihədə iştirak arzusunda olan şəxslər Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə müraciət edə bilərlər (tel: +994 12 4981980; e-mail: [email protected]).

Qeyd edək ki, namizədlər 16 sentyabr 2013-cü il tarixinədək müraciət edə bilərlər. Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaq.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə