Əməkdar artist Həsən Abbasquliyevin 75 illik yubileyi qeyd olundu FOTO

Əməkdar artist Həsən Abbasquliyevin 75 illik yubileyi qeyd olundu FOTO

Bu gün Azərbaycan Musiqi Mədəniyyətinin klassik musiqi həvəskarları klubunda bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti Həsən Abbasquliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, əməkdar artist Cavan Zeynallı, saksofonçu Rafiq Seyidzadə, Həsən Abbasquliyevin yaratdığı "Arena" caz orkestrinin (2000) solisti Teymur Abdullayev, musiqiçilərdən Fuad Cəfər, Etibar Ərdəbili, muzey əməkdaşları, KİV-nin nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Həsən Abbasquliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən geniş söhbət açıb.

Nəzərinizə çatdıraq ki, bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti Həsən Abbasquliyev 12 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində dünyaya gəlib. 1945-ci ildə isə hər iki valideynini itirən 7 yaşlı Həsən Bərdə şəhərindəki uşaq evinə verilir. Həmin uşaq evində musiqi dərsləri keçirilirdi. 8 yaşında isə, sonralar Azərbaycan kapellasını təşkil etmiş Eduard Novruzovun xorunda oxuyub. 1954-cü ildə 16 yaşında Asəf Zeynallı adına musiqi texnikomuna, Kərim Babayevin truba ifası sinfinə daxil olub. 1963-cü ildə o, SSRİ xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada orkestrinə təyinat alıb. 1969-cu ildən Dəmiryolçularıın Respublika mədəniyyət evində direktor müavini vəzifəsində çalışıb. 1972-ci ildən 20 il ərzində Sumqayıt şəhərinin estrada-nəfəsli orkestrinin bədii rəhbəri olmaqla yanaşı S.Hacıbəyov adına musiqi texnikomunda aparıcı müəllim işləyir və burada da tələbə caz orkestri yaradıb.

Qeyd edək ki, 2000-ci ildə o, "Dünya Azərbaycanlılarının Himni" ni yazmışdır. Həsən Abbasquliyevin həmin ildə təşkil etdiyi Caz orkestr 2005, 2006, 2010-cu illərdə dəfələrlə Beynəlxalq Caz festivallarında çıxış edərək laureat olub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə