Bu gün xalq artistinin doğum günüdür FOTO

Bu gün xalq artistinin doğum günüdür FOTO

Bu gün Azərbaycanın xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı mərhum aktyor Yaşar Nurinin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, xalq artisti 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Nəzərinizə çatdıraq ki, Yaşar Nuri səhnəyə ilk dəfə on bir yaşında Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. İnstitut dövründə hamı ondan çox şey gözləyirdi, hər kəs onu "hazır aktyor" hesab edirdi. Həmin vaxtlarda "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb. 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Kinoda və teatrda bir-birindən maraqlı yüzlərlə obrazı canlandırıb.

Qeyd edək ki, mərhum sənətkar Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabr ayının 12-də vəfat edib.

Allah rəhmət eləsin!

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə