Bu gün Nizami adına Kino Mərkəzində Milli Kino günü qeyd olunub. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq, il ərzində kino sahəsində görülən işləri özündə əks etdirən video-çarx nümayiş edilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, xalq artistləri, tanınmış kino xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, hər il avqustun 2-də Azərbaycanda kino gününün qeyd olunması artıq ənənə halını alıb. Azərbaycan kinosunun ikişaf tarixindən danışan nazir müavininin sözlərinə görə, ölkəmiz son 10 ildə 70-dən çox ölkədə 100-dən artıq beynəlxalq festivalda təmsil olunub. Bununla yanaşı, Azərbaycan xarici ölkələrlə müştərək film çəkib. İlk dəfə dünya şöhrətli Kann kino festivalında təmsil olunmuşuq. Biz kino günü qeyd olunan zaman bir filmin təqdimatını keçiririk. Bu gün də "Dərvişin qeydləri" bədii filmi təqdim olunur. İnanıram ki, bu film hər kəsin ürəyində əks-səda doğuracaq".
Tədbirin davamında bir müddət bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan bir qrup mədəniyyət xadiminə medallar təqdim olunub. Mükafatları kino xadimlərinə nazir müavini Ədalət Vəliyev təqdim edib.
Azərbaycan Respublikası Kinomotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova isə çıxışında yeni yaradılan qurumun uğurla fəaliyyət göstərdiyini deyib.
Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının təsis etdiyi mükafatlar kino xadimlərinə təqdim olunub. Kino sahəsində səmərəli fəaliyyətinə görə, bir qrup veteran kino xadimlərinə mükafatlar təqdim olunub. İttifaqın təsis etdiyi "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" mükafatı bu il xalq artisti Ələddin Abbasov alıb.
Xatırladaq ki, keçən ilki tədbirdə bu mükafata xalq artisti Yaşar Nuri layiq görülmüşdü.
Qeyd edək ki, bu mükafat hər il avqustun 2-də bir nəfər kino xadiminə təqdim olunacaq.
Bir çox dövlət və hökumət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Nazirliyin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ildə istehsal olunmuş "Dərvişin qeydləri" bədii filminin təqdimatı ilə dava m edib. Çəkilişləri Salyanın "Ceyran düzü" ərazisində, Şəkidə, Pirəkəşkül qəsəbəsində və Bakıda, kinostudiyanın pavilyonlarında aparılan filmin quruluşçu rejissoru və ssenari müəllifi Eldar Quliyev, İlqar Fəhmi, quruluşçu operatoru Yuriy Varnovskiy, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Siyavuş Kərimi, icrası prodüseri Vladimir Dudniçenkodur.
Filmdə Fuad Poladov, Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Kənan Mahmudov, Şövqi Hüseynov, Bəhruz Əhmədli, Cavanşir Hadıyev, Cəfər Namiq Kamal, Rafiz Mehdizadə, Vidadi Həsənov, Elnar Qarayev, İsa Əsədov kimi aktyorlar rol alıblar.
Qeyd edək ki, avqustun 2-də Milli Kino Günü ilə əlaqədar Azərbaycanın 40-dan çox şəhər və rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş "Dolu" bədii filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB