“Qisas almadan ölmə” payızda ekrana çıxacaq

“Qisas almadan ölmə” payızda ekrana çıxacaq

"Azərbaycanfilm" kinostudiyasında yeni istehsal olunan daha bir ekran əsərinin premyerası olacaq. SİA-nın məlumatına görə, bu barədə açıqlama verən kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, kinorejissor, xalq artisti Oqtay Mirqasımovun lentə aldığı "Qisas almadan ölmə" filminin təqdimatı payızda gerçəkləşəcək.

O həmçinin qeyd edib ki, filmin post-prodakşn işləri İsrail kino şirkətində aparılıb. Ekran əsəri Azərbaycanda yaşayan almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza köçərək məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf qəsəbəsini (indiki Göygöl şəhəri) salırlar.

Filmdə məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının mənası sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

Bütün xəbərlər Facebook səhifəmizdə