Milli Kino Günündə yeni film

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Dərvişin qeydləri" bədii filminin geniş ictimaiyyətə təqdimatı 2 Avqust - Milli Kino Günündə gerçəkləşəcək. SİA-nın məlumatına görə, bunu "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. Onun sözlərinə görə, yeni ekran əsərinin premyerası Nizami Kino Mərkəzində keçiriləcək.

Tanınmış rejissor, xalq artisti Eldar Quliyevin quruluş verdiyi "Dərvişin qeydləri" filminin çəkilişləri 2012-ci ildə başlanmışdı. Kinolentin ssenari müəllifləri Eldar Quliyev və yazıçı İlqar Fəhmidir.

Tarixi detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və başqaları rol alıblar. Filmin bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Çəkilişlər Salyanın "Ceyran düzü" ərazisində, Şəkidə, Pirəkəşkül qəsəbəsində və Bakıda, kinostudiyanın pavilyonlarında gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə