85-ci mövsüm yekunlaşdı FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib. SİA-nın məlumatına görə, toplantını giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində nümayiş etdirilən tamaşaların premyeraları, həyata keçirilən layihələr, teatr kollektivinin iştirak etdiyi beynəlxalq festivallar, teatrımızın qonağı olmuş xarici teatr truppaları, seminar və treninqlərdə iştirakı haqqında ətraflı məlumat verib.

Teatrın rəhbəri qeyd edib ki, 85-ci teatr mövsümü çərçivəsində teatrda hazırlanan Dilsuzun "Əlincə qalası", Aleksey Tolstoyun "Buratinonun macəraları" və Astrid Lindqrenin "Balaca və damda yaşayan Karlson", K.Ağabalayev və N.Kazımovun "Şahzadə Xəzərin nağılı" tamaşaları dövlət sifarişli, Firuz Mustafanın "Pələng ili", S.S.Axundov və A.Şaiqin "Qaraca qız", P.Pançevin "Dörd əkizin nağılı", L.Nurenin "Müharibə", Dario Fo və Peppino de Filipponun "İtalyansayağı xoşbəxtlik", N.Kazımovun "Qar qızı kim oğurladı", M.Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" poeması əsasında hazırlanan tamaşalar isə teatrın öz daxili imkanları hesabına səhnələşdirilib.

"Ümumilikdə mövsüm ərzində 11 yeni tamaşa hazırlanmış və bunlardan 4-ü dövlət sifarişi, 7-si isə teatrın daxili imkanları hesabına hazırlanmışdır. British Council Bakı nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyinin mədəni əməkdaşlığının birgə layihəsi olan "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində mövsüm ərzində işıqlandırma dizaynerləri, eləcə də gənc aktyor, rejissor, dramaturq və teatrşünaslar üçün treninqlər həyata keçirilmişdir. Mövsüm ərzində Həştərxan Dövlət Gənc Tamaşaçılar və Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı teatrın qonağı olmuş və öz tamaşaları ilə çıxış etmişlər. Gələn mövsümdə teatrın yaradıcı heyəti sözügedən teatrlara qastrol səfəri edəcəkdir",- deyə direktor fikirlərinə əlavə edib.

Teatrın yaradıcı heyətinin il ərzində iştirak etdiyi beynəlxalq festivallardan danışan direktor növbəti teatr mövsümündə də bir sıra xarici ölkələrə festivalların nəzərdə tutulduğunu bildirib.

Sonda M. Həmidov yeni- 86-cı teatr mövsümünün sentyabrın 1-də başlanılması barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə