Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli fırça ustası, xalq rəssamı, "İstiqlal" və "Şərəf" ordenli Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunan "Toğrulu xatırlayaraq" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dünyanın onlarla məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya əsərləri T. Nərimanbəyova böyük şöhrət qazandırıb: "Doğma Vətənə məhəbbət, onun gözəlliklərinin və milli ənənələrin tərənnümü görkəmli fırça ustasının 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılığının əsas leytmotivini təşkil edir. O, sənətin sirlərini əvvəlcə Bakıdakı "Pionerlər evi"ndə tanınmış rəssam Kamil Xanlarovdan öyrənmiş, təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, daha sonra isə Litva İncəsənət İnstitutunda davam etdirmiş, rəssamlıqla yanaşı Vilnüs Konservatoriyasında klassik vokal sənətinə də yiyələnib".
Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd edib ki, T. Nərimanbəyovun Bakı, Moskva, Praqa, Paris və başqa şəhərlərdə keçirilən çoxsaylı fərdi yaradıcılıq sərgiləri sənətsevərlər üçün bir bayram hadisəsinə çevrilib və daim maraqla qarşılanıb: "Yaradıcılığı dünyanın tanınmış sənətşünas alimləri, nüfuzlu ekspert və rəssamları, həmçinin dövlət və ictimai xadimləri tərəfindən yüksək qiymətləndirilib. Görkəmli rəssamın təltif olunduğu nüfuzlu beynəlxalq mükafat və medallar onlarladır".
Çıxışların ardınca sərginin açılışı olub və mərhumun əl işlərindən ibarət sənət əsərlərinə baxış keçirilib.
Məlumat üçün bildirək ki, sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, T.Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB