Emin Eminzadə beynəlxalq festivalda Azərbaycanı təmsil edib

Emin Eminzadə beynəlxalq festivalda Azərbaycanı təmsil edib

İyulun 5-8-də Qazaxıstanın paytaxtı Astana şəhərində "Şattık" gənc istedadların beynəlxalq festivalı keçirilib. SİA-nın məlumatına görə, tədbir Astana şəhərinin paytaxt olmasının 15 illik yubileyi və Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin doğum günü münasibətilə keçirilmiş şənliklər çərçivəsində baş tutub. Mərasim Qazaxıstan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Astana şəhər Akimatin şəhər İcra Hakimiyyəti və Boztoqray beynəlxalq festivalının təşkilatçılığı ilə keçirilib. Festivalda SSRİ xalq artisti, akademik, sosialist əməyi qəhrəmanı Bibigül Tolegenova (Münsiflər Heyətinin sədri), Qazaxıstan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Kenes Duysekeyev, Qazaxıstan Respublikasının əməkdar artisti Karagöz Aktauletova, Qazaxıstan Respublikasının əməkdar incəsənət xadimi, festivalın təşkilatçısı Karlıqaş Abdikərimova, professor Nikolay Tekeliyev (Bolqarıstan) bəstəkar Yelena Şvilpe (Litva), Özbəkistan, Rusiya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Çin, Azərbaycan, Latviya iştrak ediblər. Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin doğum günü münasibətilə Astana şəhərinin təsvirini özündə əks etdirən böyük tort hazırlanmış tədbir "Xanşatır" mərkəzində keçirilib. Mərasimdə prezident Nursultan Nazarbayev və qızı Dariqa Nazarbayev da iştirak edib. Onlar çıxış edərək tədbirə qatılmış gənc istedadlara təşəkkür ediblər. Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, G. Şaroyev adına 35 saylı Musiqi Məktəbinin şagirdi Emin Eminzadə təmsil edib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) gənc üzvünün tədbirdə iştirak etməsi üçün Təşkilat Komitəsi adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Azərbaycanın Qazaxıstan Respublikasındakı səfiri Zakir Həsənova və Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinə rəsmi dəvətnamə göndərilib. Emin Eminzadənin festivala qatılması üçün bütün xərclər Qazaxıstan dövləti tərəfindən ödənilib. DAK-ın gənc üzvü tədbirdə mərhum görkəmli müğənni və bəstəkarımız Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa etdikdən sonra tort kəsilərək iştirakçılara paylanılıb. Qazaxıstan dövlət televiziyasından canlı yayımlanan festival açıq meydanda davam etdirilib, Emin Eminzadə "Bessame Mucho" və "Cry me a River" mahnılarını ifa edib və onun çıxışı gurultulu alqışlarla qarşılanıb. Daha sonra qala-konsert olub və DAK-ın gənc üzvü qalib kimi çıxış edib. Sonda Emin Eminzadə festivalın baş mükafatı olan kubok-diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb və daha sonra Qazaxıstan telekanallarına müsahibə verib. DAK-ın gənc üzvünə Qazaxıstanın Azərbaycandakı səfirliyi, xüsusilə səfirliyin birinci katibi Tunqat Abilkasımov mənəvi dəstək verib.

Qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə