Milli Kino Mükafatının növbəti sahibi bəlli oldu FOTO

Milli Kino Mükafatının növbəti sahibi bəlli oldu FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 2 Avqust Kino Günü ilə bağlı iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2 avqust kino işçilərinin peşə bayramı- Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Milli Kino Günü ilə bağlı Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilən Milli Kino Mükafatı ilə Azərbaycan kinosundakı xidmətlərinə görə xalq artisti Ələddin Abbasovun təltif edilməsi və mükafatın 2 avqust Kino Günündə sənətkara təqdim edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov 1971-ci ildə xalq artisti adına layiq görülüb. "Qızıl Dərviş" mükafatı laureatıdır (2005). O, Gəncə Dövlət Dram Teatrının aktyorudur. Ə. Abbasov 1967-ci ildən filmlərə çəkilir. "Torpaq. Dəniz. Od.Səma" (1967), "Mən ki, gözəl deyildim" (1968), "Dəli Kür" (1969), "Qatır Məmməd" (1974), "Dörd bazar günü" (1975), "Od içində" (1978), "Gözlə məni" (1981), "Qocalar, qocalar..." (1982), "Nizami" (1982), "Köhnə bərə" (1984), "İşarəni dənizdən gözləyin" (1986), "Qətl günü" (1990), "Qisas" (1991), "Özgə vaxt" (1996), "Məkanın melodiyası" (2004) və s. filmlərdə müxtəlif rollar ifa edib. Çəkildiyi bütün filmlərdə bir-birindən maraqlı obrazlar yaradan aktyorun ən uğurlu rollarından biri də "Dəli Kür" filmindəki Cahandar ağa obrazıdır.

Xatırladaq ki, Milli Kino Mükafatının ilk sahibi 2012-ci ildə xalq artisti Yaşar Nuri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə