"Bütün teatrların özünəməxsus problemləri var. Elə teatr var ki, onun dramaturgiyası zəif olur və ya orada aktyor problemi yaşanır, elə teatr da var ki, onun heç binası yoxdur. Misal olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin teatr binası binası 16 il bundan əvvəl yanıb və hələ də bu problem həll olunmayıb". SİA-nın məlumatına görə, bu fikirləri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatrların mövcud problemləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın dünyaya örnək ola biləcək teatrları var: "Bütün bunlara rəğmən dünya teatrlarının inkişafına çatmaq çətin məsələdir. Teatrda dədə-baba qaydaları ilə çalışmağımız yetərli deyil. Mətbuatda tez-tez "teatr ölüb, cılızlaşıb" və bu kimi ifadələr səsləndirilir. Bu kəlmələr Azərbaycan teatrının çağdaş dövrünə yaraşmayan ifadələrdir. Bizdə sadəcə nəsil dəyişikliyi baş verir. Bu da hər 30-40 ildən bir olur".
Azərbaycanda stenoqrafiya ilə bağlı problemlərin olduğunu deyən direktor bildirib ki, bu sahədə yetərincə mütəxəssislər yoxdur: "Səhnəarxası texniki işlərlə məşğul olan insanlar xeyli kasadlaşıb. Hamı bir-birindən öyrənir. Bütün bunları qaydasına qoymaq üçün böyük məktəb lazımdır. Onlar Azərbaycandan kənarda təkmilləşmə həyatı keçməlidir. Ötən il 4 işçimiz Moskvanın "Bolşoy Teatrı"nda təcrübə keçdilər. Bunlar təbii ki azdır, çünki 3-4 nəfərlə iş görmək olmaz. Zaman keçdikcə hər şey öz qaydasına düşəcək. Bu gün keçmiş teatr əfsanələrindən danışmaq və onunla ovunmaq bizə yaraşmaz. Hazırda teatrımızda əmək və yaradıcılıq intizamı bərpa olunub. İntensiv şəkildə yaradıcılıq işi aparılır. İməkləyən yerdə ayaq üstə durmuşuqsa, qaça bilmərik".
"Teatrımızda keçirilən Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurasının ikinci toplantısında bir təklif irəli sürdüm və qəbul olundu. Təklifdə nəzərdə tutulurdu ki, ümumtürk mədəni abidəsi olan "Kitabi-dədə Qorqud" eposu əsasında 12 dövlət hər boyla bağlı tamaşa hazırlasın və festival keçirək. Təklifim bəyənildi və sentyabr ayından etibarən boylar üzərində ayrı-ayrı teatrlar çalışacaq. Koordinasiya işini isə Azərbaycan görəcək. Tamaşaları hansı teatrların hazırlamasına biz qərar verəcəyik",- deyə İ. İsrafilov fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB