“Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi

“Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi

Bu gün "Yeni uşaq mahnıları-2013" Ümumrespublika Müsabiqəsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bəstəkarlardan Azərbaycan Respublikasının xalq artisti Oktay Zülfüqarov, əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Azərbaycan Milli Konservatoriyasının "Xalq çalğı alətləri" kafedrasının professoru, Azərbaycan Respublikasının "Əməkdar İncəsənət xadimi" Nazim Kazımov, Gövhər Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İlyas Tapdıq və Vahid Əziz, "Əməkdar İncəsənət xadimi" Baba Vəziroğlu, Dövlət Muğam Teatrının rəhbəri Arif Qazıyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, "Els" Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, münsiflər heyyətindən bəstəkar Mehriban Əhmədova, APU-nun "Musiqi alətləri" kafedrasının müdiri Minarə Dadaşova, Azərbaycan Respuplikası Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin üzvləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Els" Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bu müsabiqənin uşaqların həyatında mühüm rol oynadığını dilə gətirib: "Əhatəmizdə olan problemlərdən hər bir vətəndaş kimi biz də kənarda qala bilmərik. Ona görə də, 2011-ci ilin yanvar ayından vətəndaş cəmiyyəti naminə ictimai əsaslı layihə hazırladıq. Həmin layihə çərçivəsində gördüyümüz işlər meneviservetimiz.az saytında əks olunub. Biz bu yolla uşaq mahnılarını bərpa edəcəyik. Bildiyiniz kimi, hazırda uşaq mahnıları yazılmır. Verilişlərə çağırılan qonaqlar da uşaq mahnılarının yerinə sevgi musiqiləri ifa edirlər. Bu da öz növbəsində uşaqların inkişafında problemlər yaradır. Onu da deyim ki, sözügedən məsələ haqqında şəhər sakinlərindən "Uşaq musiqiləri bəstələməyə ehtiyyac varmı?" sualı altında sorğu keçirdik. Respondentlərin 98,5%-i yeni uşaq mahnılarının yaradılmasının zəruri olduğunu, 1,5% isə buna ehtiyac olmadığını bildirdilər. Mənim fikrimcə, uşaqların tərbiyəsi və psixologiyasının inkişafında bu cür mahnıların ərsəyə gəlməsi vacibdir".

Qeyd edək ki, bu təklifi reallaşdıran AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi" layihəsi çərçivəsində "Yeni uşaq mahnıları-2013" Ümumrespublika Müsabiqəsini elan edib. Təqdim olunan mahnıların münsiflər heyətinə buraxılması zamanı müəlliflərin anonimliyinə tam zəmanət verilir. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılarına sosial şəbəkələrdə verilən səslər nəzərə alınacaq. Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər təşkilat komitəsinə təqdim olunmalıdır.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə