Teatr xadimlərinin Siyavuş Aslanla bağlı Xatirələri

Teatr xadimlərinin Siyavuş Aslanla bağlı Xatirələri

Azərbaycanın xalq artisti, gülüş ustası Siyavuş Aslan dünyasını dəyişməsinə baxmayaraq, hələ də onu sevənlərin qəlbində yaşayır və zaman keçdikcə bu, belə də qalacaq. Təbii ki, onunla bir səhnədə çalışan teatr xadimlərinin də aktyorla bağlı kifayət qədər xatirələri olub. SİA bir sıra teatr xadimlərinin Siyavuş Aslanla bağlı xatirələrini sizlərin diqqətinə çatdırır:

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov: "Mən Siyavuş Aslanı tələbəlik illərimdən tanıyıram. Siyavuş o sənət adamlarındandır ki, hər zaman bədii estetik formada olub, sənəti ilə hamını təəccübləndirməyi bacarıb. Onun sevilməyinin səbəbi də budur. Siyavuş Aslanın zəif rolunu xatırlamaq çox çətindir. Çünki belələri yoxdur. İnsan kimi çox mehriban, müdrik, dünyagörmüş adam idi. Bu, çox böyük sənət itkisidir. O komediya janrının nəhəng sənətkarı idi. Belə sənətkarlar hər əsrdə yetişmir. Tamaşaçılarımız da hər zaman onun üçün darıxacaqlar. Son zamanlar belə fikirlər var idi ki, səhhəti qaydasında olmasa da, onu tamaşaya dəvət etmək olardı. Sonuncu dəfə onu görənlərdən biri mənəm. Əvvəl xüsusi müalicə xəstəxanasında bir həftə müalicə olundu. Siyavuş müəllim gözünü açanda başının üstündə mən idim. Amma bəzən mətbuat orqanlarında onun unudulması ilə bağlı yazılar yazırdılar. Bütün bunlar yalandır. Hər həftə ən azı iki üç nəfər ona baş çəkirdi".

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov: "Siyavuş Aslanın vəfatı Azərbaycan teatrı üçün böyük itkidir. Bir sənətkar kimi özündən sonra tamaşaçıların qəlbində böyük iz qoyub. Onu sevməmək mümkün deyildi. Çox vaxt elə hadisələrə inanırdı ki, bu hərəkəti insana gülünc gəlirdi. Fikirləşirdik ki, axı bu söz zarafatla deyilmişdi. Biz onunla çox yaxın dost olmuşuq. Onunla bir neçə tamaşada birgə çalışmışıq. Yaşar Nuri və Siyavuş Aslan heç vaxt tarixdən silinməyəcək. Hər iki dahi sənətkarımızı cismən itirsək də, onlar yaddaşlarda hər zaman yaşayacaqlar".

Xalq artisti Zərnigar Atakişiyeva: "Hər birimizin qəlbində böyük kədər və iztirab var. Qəlb hələ də Siyavuşun yoxluğunu qəbul etmir. Böyük sənətkar, milyonlarla tamaşaçını ovunduran, ovsunlayan Siyavuş həyatını itirdi. Allah ona rəhmət etsin".

Xalq artisti Ramiz Novruz: "Siyavuş Aslan ən əzəmətli sənətkar və dünya çağında böyük aktyor idi. Teatrda oynadığı tamaşalara baxmışam. Kinoda isə təəssüf ki, istədiyim rollarda onu görə bilmədim. Bu, onun günahı deyildi. Sənətə gəlmək istəyən hər bir kəs onu özünə nümunə götürürdü".

Xalq artisti Nurəddin Mehdixanlı: "Azərbaycan teatr sənətində nəsil dəyişkənliyi baş verir. Siyavuş Aslan Azərbaycanın teatr və kino tarixinin dəyərli səhifəsidir. O, hər zaman sevilib və qəbul olunub. Çünki o səhnədə səmimi idi. Xoşu gəldiyi insana canını da verərdi, lakin xoşlamadığına salam belə verməzdi. Azərbaycan teatr sahəsində komediya nəhənglərindən birini itirdik. O, elə bir şəxsiyyət idi ki, bundan sonra onun kimilərinin yeri doldurulan deyil. Nə qədər ki bu səhnə, teatr var, deməli Siyavuş Aslan heç vaxt unudulmayacaq. Özünə komediya aktyoru demək istəyənlər Siyavuş sənətinin qapısından keçməlidir".

Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev: "Hər zaman Siyavuş Aslanının yaradıcılığına nəzər yetirmişəm. O tez-tez Sumqayıta gələrdi. O zaman uşaq idim və hər dəfə kənardan baxıb deyirdim ki, heç olmasa ona yaxınlaşıb bir dəfə salam verə biləydim. Siyavuş Aslana baxanda hər zaman düşünürdüm ki, elə aktyor olacam ki, mənə də ona baxdıqları kimi baxsınlar. Həmin istəklə də teatr aləminə gəlmişəm. Onun yoxluğu teatr aləmi üçün böyük itkidir. Təbii ki, bu dünyada heç kim əbədi deyil. Allah rəhmət etsin!".

Oğlu Çingiz Aslan: "O, çox yaxşı ata, hərtərəfli şəxsiyyət idi. Həmişə ailə qayğısı çəkib. "Şərəf" ordeni alanda özündə deyildi. Allah hər kəsin ölənlərinə rəhmət etsin. Dünyasını dəyişəndə mən yanında idim. Bu dünyadan çox rahat getdi. Son iki ildə onun yanında mən olmuşam. Hər zaman qidasına ciddi fikir vermişəm. Sadəcə bu bir qismət idi. Onun bir dərdi də var idi, o da Qarabağ! Doğrudan da vətənini sevən insan idi. Sənət yoldaşlarının gəlməməsi ilə bağlı yazılanlara da aydınlıq gətirmək istəyirəm. Düzdür, teatrdan tez-tez gəlməsələr də, ancaq arada gəlirdilər. İnanın ki, teatrın hər hansı problemi olanda, birinci o qabağa düşürdü".

Qeyd edək ki, S. Aslan iyunun 27-də 78 yaşında dünyasını dəyişib və o, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə