Siyavuş Aslan son mənzilə yola salındı

Siyavuş Aslan son mənzilə yola salındı

Azərbaycanın sənət dünyasından daha bir yarpaq düşdü. Korifey, əsrarəngiz sənətkarımız, xalqımızın artisti Siyavuş Aslan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi və haqqın dərgahına qovuşdu. Bu gün aktyorun uzun illərdir çalışdığı Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib. Vida mərasimində aktyorun sənət yoldaşları iştirak ediblər. Onlar öz dərin hüznlərini bildiriblər.

SİA-nın xəbərinə görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Siyavuş Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: "Onun tamaşalarını dəfələrlə izləmişik. Siyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. Bu müqtədir sənətkar Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında önəmli rollara imza atdı. Mən Siyavuşu 1980-ci illərdən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Siyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli yanaşan insan idi. Onun sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu "Şərəf" ordeni ilə təltif etdi".

Nazir müavini qeyd edib ki, S. Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. O, bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət sənət dostu haqqında fikirlərini bildirib: "Siyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm".

Ailə üzvləri adından Siyavuş Aslanın oğlu Çingiz Aslan mərasimdə iştirak edən, ailələrinin kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.

Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev sənət dostları haqqında xatirələrini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.

Sonda aktyorun cənazəsi onu sevənlərin alqışları ilə son mənzilə yola salınıb.

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub. Xalqımızın, sənət dünyamızın başı sağ olsun. Siyavuş Aslan, məkanın cənnət olsun! Amin!

Bütün xəbərlər Facebook səhifəmizdə