Bu gün "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, "Musiqi dünyası" jurnalının redaktoru sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlərdən Əkbər Əlizadə, Ramiz Məmmədov, aktyor Tofiq Hüseynov, Əzizağa Əzizov, aktrisa Fatma Mahmudova, müğənni Cahangir Qurbanov, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan teatrı haqqında məlumat verib: "Dünyada olduğu kimi, Azərbaycan teatrı da enişli-yoxuşlu dövr keçib. Azərbaycan 20 ildən artıqdır, Ermənistanla müharibə şəraitində yaşayır. Buna baxmayaraq, ölkəmizdə bir dənə də olsun teatr binası bağlanmayıb, əksinə köhnə teatr binalarımız təmir olunub, yeni binalar isə tikilərək vətəndaşların xidmətinə verilib. Bunların da hər biri Ümummilli Lider Heydər Əliyev və onun uğurlu davamçısı prezident İlham Əliyevin teatr və mədəniyyətə göstərdiyi əvəzsiz xidmətlərin məhsuludur. Azərbaycanlı aktyor və aktrisalar Moskvada, Türkiyədə, Sankt-Peterburqda, Gürcüstanda qostrol səfərlərində olurlar. Bu da dövlətin teatra göstərdiyi qayğıdan irəli gəlir".
Daha sonra söz alan "Musiqi dünyası" jurnalının redaktoru sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov öz sözlərini dilə gətirib: "MDB məkanında ilk dəfə Azərbaycanda elektron baza yaradılıb. Bu elektron baza vasitəsilə teatrlar haqqında geniş məlumat verilir. Onun içərisində böyük arxiv materiallar, 40-50-ci illərə aid xronikalar, səs yazıları, teatr tamaşaları, 500 saatdan artıq video materiallar, 15 minə yaxın şəkil və başqa materiallar təqdim olunub. Bunun özü də böyük bir nümunədir".
Qeyd edək ki, tədbirin sonunda Azərbaycan teatrının dünəni ilə bağlı veb-səhifələr və resurslar qonaqlara təqdim olunub.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB