Nazir: “Turizm obyektlərində xidmətlər yeyib-uzanmaqla yekunlaşmamalıdır”

Nazir: “Turizm obyektlərində xidmətlər yeyib-uzanmaqla yekunlaşmamalıdır”

"Hazırda Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər bronlaşdırlıb. Bu o deməkdir ki, mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm obyektlərində qiymətlərin aşağı salınıb-salınmayacağına münasibət bldirərkən deyib. O bildirib ki, əgər proses belə getsə, o zaman kimisə qiymətləri aşağı salmağa məcbur etmək mümkün deyil.

Nazir turizm obyektlərində aparılan monitorinqlər, mövsümə hazırlıq və mövcud nöqsanlar barədə də danışıb. O qeyd edib ki, turizm müəssisələrində nöqsanlar var və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir: "Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətin keyfiyyətinin yüksəldilməsi, çeşidinin artırılması və sair kimi məsələlərə diqqət yetirilir. Artıq ikinci monitorinqlər zamanı məlum olur ki, həmin obyektlər qonaqları qəbul etməyə hazırdırlar. Ancaq elə obyektlər var ki, onlara daha böyük diqqət lazımdır. Onların adının çəkilməsini istəmirəm, amma həmin turizm obyektlərində ciddi işlərin aparılmasına ehtiyac var. Turizm obyektlərində xidmət yeyib-uzanmaqla yekunlaşmamalıdır. Xidmətlər müxtəlif olmalı, müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə köməklik göstərilir. Bu işlərlə yerli idarələr məşğul olur".

Bütün xəbərlər Facebook səhifəmizdə