Muzeyə nadir xalçalar hədiyyə olundu

Muzeyə nadir xalçalar hədiyyə olundu

Prezident İlham Əliyevin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanununa əsasən Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi beynəlxalq aləmdə təbliğat işləri aparır. Aparılan təbliğatın nəticəsi olaraq Amerika vətəndaşı xanım Beverli Şilts, həyat yoldaşı Amerika kolleksiyaçısı, Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçasını ("Əjdahalı", Qarabağ, XVII əsrin sonu və "Səlyan Xiləsi" Şirvan, XIX əsr) Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə edib.

SİA-nın məlumatına görə, xalçaların təqdimat mərasimi bu gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mənəvi sərvətlər, o cümlədən xalça sənəti nümunələri dünyanın bir çox məşhur muzeylərində, şəxsi kolleksiyalarda və qalereyalarda saxlanılır: "Dövlətimiz xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması üçün müvafiq tədbirlər görür.

Daha sonra çıxış edən muzeyin direktoru Röya Tağıyeva qeyd edib ki, Azərbaycanın nadir-unikal, qədim tarixə malik XVII əsrə məxsus, xalça sənəti tarixində ana xalça olan bu sənət nümunəsi təəssüf ki, bu günə kimi Vətənimizin heç bir muzeyində və kolleksiyasında qeydə alınmayıb: "Qarabağın XVII-XVIII əsrlərə aid "Əjdahalı" xalça nümunələri dünyanın bir çox muzeylərində - Vaşinqtonun "Tekstil", Londonun "Viktoriya və Albert", Türkiyənin "Topqapı" və digər muzeylərdə mühafizə olunmasına baxmayaraq, onlar Azərbaycan xalçası adı ilə deyil, ümumilikdə "Qafqaz" və yaxud da digər ad altında təqdim olunur".

Muzeyə hədiyyəni bağışlayan xanım Beverli Şilts isə açıqlamasında vurğulayıb ki, XVII əsrə aid Qarabağın "Əjdahalı" xalçasının məhz Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə hədiyyə olunması ilə Əjdaha kompozisiyalı xalçanın və həmçinin onun çeşnisi əsasında toxunulan digər xalçaların Azərbaycan Xalçası kimi təsdiqini tapmasında mühüm rol oynayacaq: "Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olacaq".

Beynəlxalq aləmdə xüsusi əks olunması niyyəti ilə xalçaların təqdim olunma mərasimində 15 nəfər xarici ölkə (ABŞ, Almaniya, İtaliya) nümayəndəsi, o cümlədən İtaliyadan ICOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik komitəsinin sədri Alberto Boralevi, ICOC-un üzvləri Stefano İonesko və Mişel Buddeberq, "CARPET XL" jurnalının redaktoru Tim Steynert, xalça kolleksiyaçıları Cüzeppe Moresçini və Koos de Conq iştirak edib. Azərbaycan Xalçası Muzeyi 30 ildən artıqdır ki, bu təşkilat ilə əməkdaşlıq edir.

Təqdimat mərasimində muzeydə təşkil olunan "Azərbaycanın əjdahalı xalçaları" sərgisində məhz hədiyyə olunan XVII əsrin sonuna məxsus Qarabağın "Əjdahalı" xalçasının kompozisiyası əsasında yaradılıb inkişaf etdirilən XIX-XX əsrə aid müxtəlif Azərbaycan məktəblərində toxunan "Əjdahalı" xalçalar nümayiş olunub, mövzu ilə bağlı video-çarx və kataloq təqdim olunub.

Tədbirdə həmçinin Koos de Conqun xalça məmulatları (yəhər üzü) haqqında yazdığı "Əjdaha və at" kitabı da muzeyə hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə