Türk sənətçisinin Azərbaycanda işıq üzü görən albomu təqdim olundu

Türk sənətçisinin Azərbaycanda işıq üzü görən albomu təqdim olundu

Türk sənətçisi Oya Erginin Azərbaycanda işıq üzü görən "Ruhum" albomunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, Firəngiz Əlizadə, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və digər rəsmi nümayəndələr iştirak ediblər.

Mərasimdə ilk çıxış edən səfir İsmayıl Alper Coşqun bildirib ki, səfirlikdə belə bir musiqili tədbir ilk dəfə təşkil olunur: "Məhz türk sənətçisinin Bakıda belə bir layihə həyata keçirməsi təqdirə layiqdir. Hər zaman bildiririk ki, Azərbaycan və Türkiyə arasında mxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Bu iş də bunun bariz nümunəsi kimi qiymətləndirilməlidir. Ona görə də bu iş iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək".

Daha sonra çıxış edən sənətçi Oya Ergin deyib ki, albomda iki ölkənin ortaq mahnıları yer alıb: "İlk dəfə bu albomda mənim də bəstələrim yer alıb. Albomda yer alan mahnıların mövzusu hər iki ölkə ilə bağlıdır. Albom kommersiya məqsədi ilə yazılmayıb. Burada həm mənim, həm millət vəkili Qənirə Paşayevanın, həm də məşhur türk bəstəkarı Əmrə Dündarın mahnıları yer alıb. Albomda yer alan 10 mahnıın ərsəyə gəlməsi üçün 1 il əmək sərf etmişik. Xüsusi olaraq qeyd edim ki, albomdakı 3-cü mahnını həyat yoldaşıma həsr etmişəm. Digər bir mahnımı isə oğluma...Buna görə də bu albom həyat hekayələrimə həsr olunub desəm, yanılmaram".

Qonaqlara albomda yer alan mahnılar üçün Bakıda və İstanbulda çəkilmiş kliplər təqdim olunub. Klip təqdimatından sonra sənətçi qonaqlar üçün canlı ifalar edib. Onun ifasında ilk olaraq dahi bəstəkarımız Tofiq Quliyevin bəstəsi olan "Sənə də qalmaz", türk tanqosu olan "Bir gənci sevdim" və digər gözəl bəstələr səsləndirib.

Qeyd edək ki, sənətçini pianoda Mehriban Kərimova müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə