Səbail rayonunda Milli Qurtuluş günü qeyd olunub

Səbail rayonunda Milli Qurtuluş günü qeyd olunub

1993-cü ilin bu günü Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi, bu ildə Səbail rayonunda geniş şəkildə qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssiələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə əlamətdar günlə əlaqədar olaraq təntənəli tədbir keçirilib.

Tədbiri açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş çıxış edib: "Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq misyasını əhatə edən xalqa bağışlanan ömür yolu müasir Azərbaycan tarixinin tərkib hissəsidir. Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünü çox böyük fitri lider potensialını reallaşdıra bilən şəxsiyyət olub. Azərbaycanın yeni tarixi mərhələyə daxil olması isə artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin möhtəşəm qayıdışı ilə səciyyələnir. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən böyük rəğbət və ehtiramla xatırlanır.

Onu da nəzərinizə çatdırım ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir".

Qeyd edək ki, tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin çox sevdiyi M.F Axundovun "Müsyo Jordan və Dərviş Məstəli-şah" komediyası nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə