“Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinə yekun vuruldu

“Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinə yekun vuruldu

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Neft Azərbaycanın sərvətidir" adlı sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqdisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Kəmalə Paşayeva, müəllimlər, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq, bu müsabiqənin artıq bir neçə aydır ki, davam etdiyini söyləyib: "Bu müsabiqə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunub. Müsabiqədə iştirak edənlər Rəssamlıq Akademiyasının tələbələridir. Bu sərginin keçirməyimizin əsas səbəbi, hər iki Ali məktəbin bir-biri ilə daha sıx təmasda olması və hər şeydən əvvəl Ulu Öndər Heydər Əliyevin neft strategiyasının Azərbaycan tələbəsi, gənc rəssamın gözü ilə təqdim olunmasıdır. Müsabiqədə çoxlu tələbələr iştirak ediblər. Gözlədiyimizdən də artıq möhtəşəm əl işləri nümayiş olunub. Azərbaycanda neft strategiyasının, neft sənayesi, iqtisadiyyyatının bu səviyyədə yüksəlməsinin əsas səbəbkarı Ümummilli Lider Heydər Əliyevdir. Cənab prezidentimiz İlham Əliyev də bu siyasəti yüksək səviyyədə, uğurla həyata keçirir. Rəssamlıq Akademiyası Ulu Öndərin bizə yadigarıdır".

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov çıxış edərək Neft şirkəti ilə mədəniyyət xadimləri arasındakı sıx birlikdən söz açıb: "Bu gün bir daha sübut olundu ki, Neft şirkəti ilə mədəniyyət xadimləri arasındakı sıx əlaqə mövcuddur. Biz hər il "Neftçilər günü" ərəfəsində mədəniyyət, incənət tədbirlərinin həyata keçirilməsini nəzədə tuturuq. Bu sərgini ideya olaraq irəli sürən və həyata keçirənlərə öz təşəkkürlərimi bildirirəm. Xüsusi ilə qeyd edim ki, bu xoşməramlı ideya çox müvəfəqiyyətlə alınıb".

Qeyd edək ki, tədbirin sonunda "Qrafika" ixtisası üzrə təhsil alan Nigar Ağamirovanın "Neft" əsəri 1-ci yerə (1000 manat), Bəxtiyar Yusifovun "Neft sərvətimizdir" əsəri 2-ci yerə (800 manat), "Qobelen" ixtisası üzrə təhsil alan Şəhla Abbasovanın "Neft" əsəri isə 3-cü yerə (600 manat) layiq görülüblər.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə